Aprelin 13-də Yeni Kaledoniyada Fransa hökumətinin davam etdirdiyi müstəmləkəçilik siyasətinə qarşı geniş etiraz aksiyası keçirilib.
“Report” xəbər verir ki, Yeni Kaledoniyanın Yerlərdə Fəaliyyətin Koordinasiyası Mərkəzi tərəfindən paytaxt Noumeanın “Sülh” adlandırılan əsas meydanında təşkil edilən etiraz aksiyasında 30 000-dən çox insan iştirak edib.
Aksiyanın proqramına əsasən adət-ənənələr ritualları həyata keçirilib, müstəqillik tərəfdarlarının siyasi liderləri və mərkəzin nümayəndələri çıxış ediblər. Daha sonra “Sülh” meydanından yürüş başlayıb.
Etiraz aksiyasının afişasının əsas loqosu kimi Azərbaycan Prezidenti İlham Əliyevin “Dəmir yumruğu” seçilib. Bundan əlavə, Fransa kolonializminə qarşı təşkil olunan etiraz aksiyasında iştirakçılar Azərbaycan bayrağını mərkəzi meydanda qaldırıblar.
Çıxış edən Yerlərdə Fəaliyyətin Koordinasiyası Mərkəzinin nümayəndəsi Dominique Foçi layihənin Senatda keçməsi səbəbindən vəziyyətin gərgin olduğunu deyib, rəsmi Parisi yerli Kanak xalqı ilə razılaşdırmadan bunu etməməyə çağırıb, əks təqdirdə mövcud olan sülh tarazlığına xələl gətiriləcəyini vurğulayıb.
Maraqlıdır ki, Fransadan köçən şəxslər belə yerli Kanak xalqının hüquqlarına hörmət edilməli olduğunu bildirir. Məsələn, 1993-cü ildən Fransadan Yeni Kaledoniyaya köçmüş Klaude Ayrault Yelisey sarayının addımları ilə bağlı deyib ki, Kanak xalqının hüquqlarına hörmət edilməlidir: “Bizim buraya köç etdiyimizi qəbul etmək lazımdır”.
Ümumiyyətlə, son günlər Yeni Kaledoniyada Fransaya qarşı etirazlar səngimək bilmir. Aprelin 2-də Fransa parlamentinin yuxarı Palatası - Senat Yeni Kaledoniyada seçki qanunvericiliyini dəyişmək məqsədilə hökumətin zorla qəbul etdirmək istədiyi qanun layihəsinin lehinə səs verib. Həmin layihəyə görə, Parisin Yeni Kaledoniyaya məqsədli şəkildə köçürdüyü insanlar səsvermə hüququna malik olacaqlar. Burada Fransa hökumətinin əsas məqsədi yerli Kanak xalqının öz ölkəsində azlıqda qalmasını təmin etməkdir.
Qeyd edək ki, Paris Yeni Kaledoniyada öz kolonial hökmranlığını saxlamaq üçün buraya əlavə polis qüvvələrini ezam edib.