Yuxarı
    Bağlamaq

    YAP-la Serbiya Tərəqqipərvər Partiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

    Əli Əhmədov Bakıda səfərdə olan Serbiya Tərəqqipərvər Partiyasının Beynəlxalq əlaqələr katibi Yadranka Yoksimoviç ilə görüşüb

    Bakı. 4 may. REPORT.AZ/ Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Bakıda səfərdə olan Serbiya Tərəqqipərvər Partiyasının Beynəlxalq əlaqələr katibi, Serbiyanın Avropa inteqrasiyası məsələləri üzrə naziri Yadranka Yoksimoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report" xəbər verir ki, YAP-ın qərargahında keçirilən görüşdə Ə.Əhmədov bu səfərin partiyalar arasında dostluq münasibətlərinin etibarlı təməlinin yaradacağına əminliyini bildirib. Azərbaycanla Serbiya arasında münasibətlərin inkişaf etdiyini deyən YAP sədrinin müavini ötən ay Serbiyanın baş naziri, Serbiya Tərəqqipərvər Partiyasının sədri Aleksandr Vuçiçin Azərbaycana səfərinin əhəmiyyətini vurğulayıb: "Sizin səfəriniz isə həm partiyalarımız arasında münasibətlərin əsasının qoyulması baxımından əhəmiyyətlidir, həm də, Azərbaycan-Serbiya əlaqələrinin inkişafına töhfə verəcək. Həmçinin, bu səfər nümayəndə heyətinin Azərbaycanla tanış olmasına imkan yaradacaq".

    Serbiya Tərəqqipərvər Partiyasının Beynəlxalq əlaqələr katibi, Avropa inteqrasiyası məsələləri üzrə nazir Yadranka Yoksimoviç qeyd edib ki, dövlət və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əlaqələrin inkişafına böyük təkan verir. Onun sözlərinə görə, Serbiya baş nazirinin Azərbaycana səfəri də bu baxımdan çox məhsuldar olub. Qonaq partiyalar arasında əlaqələrin inkişafının da vacib olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, ölkəsinin parlamentində Serbiya-Azərbaycan Dostluq Qrupu fəaliyyət göstərir ki, onun üzvlərinin sayı 38 nəfərdən ibarətdir. Bu da parlamentdə ən böyük dostluq qruplarından biridir.

    Görüşün sonunda Yeni Azərbaycan Partiyası və Serbiya Tərəqqipərvər Partiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi