Azərbaycan Çin üçün çox vacib tərəfdaşdır.
"Report" xəbər verir ki, bunu Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmin aprelin 29-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
Qonaq ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini bildirib. Qeyd edib ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub və bu baxımdan o, Transxəzər dəhlizinin bu təşəbbüsün reallaşmasına, ümumilikdə Azərbaycanın bütün nəqliyyat qovşağının inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Yan Vanmin ölkəsinin Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə göstərilən hörməti hər zaman dəstəkləyəcəyini vurğulayıb, ölkələrimiz arasında qarşılıqlı etimadın daimi olacağına əminliyini bildirib.
COP29-un təşkilində də Çinin Azərbaycana dəstəyini qeyd edən qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə bu tədbirin uğur qazanacağına inamını ifadə edib.