ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimin səsləndirdiyi reallığı əks etdirməyən fikirlər Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasının elementlərini ehtiva edir.
"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ Senatında dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimin iştirakı ilə keçirilmiş dinləmələrdə səsləndirilən iddialara dair yerli mətbuatın sualına cavabında deyib.
"Bu fikirlər, 1 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Antoni Blinken arasında təmaslar zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni vaxtda istifadə məsələsində razılaşma ilə ziddiyyət təşkil etməklə yanaşı, təəssüf ki, özündə Ermənistanın Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyasının elementlərini ehtiva edir. ABŞ tərəfinin də vasitəçiliyi ilə icra edilməsi nəzərdə tutulan bu razılaşmanın Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən pozulması və bununla “blokada və humanitar vəziyyət” ilə bağlı iddiaların əsassız olduğu ABŞ tərəfinə yaxşı məlumdur", - deyə bildirilib.