“Azərbaycanın İsraildə səfirliyinin açılması barədə qərar ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu”.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün israilli həmkarı Eli Kohen ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, son 30 ildə ölkələr arasında müxtəlif sahələrdə əlaqələr inkişaf edib. Azərbaycan və İsrail xüsusilə də təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində fəal əməkdaşlıq edir.
Ceyhun Bayramov ikitərəfli əlaqələrin möhkəmlənməsində Azərbaycanda yaşayan yəhudi icmasının və İsrailin azərbaycanlı icmasının mühüm rola malik olduğunu qeyd edib.
Xarici işlər nazirinin sözlərinə görə, Azərbaycan və İsrail rəsmiləri arasında müntəzəm görüşlər də əməkdaşlığın inkişafına töhfə verir.
Qeyd edək ki, bu gün İsrailin paytaxtı Təl-Əviv şəhərində Azərbaycanın səfirliyi açılacaq. Açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, bir sıra azərbaycanlı deputatlar, həmçinin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov iştirak edəcəklər.