GUAM-a sədrliyin Azərbaycana keçməsi barədə qərar təsdiqlənib.
“Report” xəbər verir ki, bu barədə qərar Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən qeyri-rəsmi görüşündə qəbul olunub.
Nazirlər GUAM-ın 2024-cü il üzrə büdcəsi və digər məsələlər üzrə qərarlar da təsdiq olunub.
Görüşdə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dünyada, o cümlədən GUAM regionunda mövcud təhlükəsizlik problemləri fonunda, təşkilatın dayanıqlı sülh quruculuğu və inkişaf istiqamətində mühüm platforma rolu oynaya biləcəyini qeyd edib. Bu istiqamətdə, ortaq öhdəliklərə, habelə beynəlxalq hüquq normalarına hörmətin vacibliyi vurğulanıb.
C.Bayramov Ukrayna ətrafındakı vəziyyətin beynəlxalq hüquq normaları, o cümlədən Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin ölkəmiz tərəfindən dəstəkləndiyini qeyd edib.
2024-cü ildən etibarən Azərbaycanın GUAM-a sədrlik edəcəyini diqqətə çatdıran nazir ölkəmizin sədrliyi dövründə Təşkilat çərçivəsində siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, nəqliyyat, bağlantılar, humanitar, turizm və s. digər sahələr üzrə üzv dövlətlər arasında əməkdaşlığın təşviqi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.
Xüsusilə, region ölkələrinin nəqliyyat və bağlantılar sahəsində potensialından istifadə edilməsinin, bu istiqamətdə GUAM Nəqliyyat Dəhlizi layihəsinin irəlilədilərək Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətli hissəsinə çevrilməsinin vacibliyi vurğulanıb.