Bakı. 27 iyun. REPORT.AZ/ "NATO və Azərbaycan arasında müntəzəm siyasi dialoq qurulub".
"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Qaya Məmmədov NATO-nun Azərbaycandakı Beynəlxalq məktəbin (NİSA) Yay Sessiyasının açılış mərasimində bildirib.
"Azərbaycan NATO-nu təhlükəsizliyin qorunması üzrə vacin qurum hesab edir", - Q.Məmmədov deyib. O, sessiya iştirakçılarına Azərbaycanın NATO ilə əməkdaşlığı haqqında danışıb və vurğulayıb ki, Azərbaycan Alyansın Əfqanıstandakı sülhməramlı missiyasının bir hissəsidir.
XİN idarəsinin rəisi qeyd edib ki, Azərbaycan tərəfi Alyansla hazırkı əməkdaşlıq səviyyəsindən razıdır. O bildirib ki, NATO Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət edir.
NATO-nun Varşava Sammiti və Alyansın regional çağırışlara münasibətdə roluna həsr olunan NİSA-nın hazırkı sessiyası iyulun 1-də başa çatacaq. Sessiyada dünyanın 17 ölkəsindən 40 nümayəndə iştirak edir.