Yuxarı

"Chatam House": Azərbaycanın suverenliyinə və müstəqilliyinə hörmətlə yanaşırıq

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi “Chatam House” İnstitutuna etiraz məktubu ünvanlayıb və görüş keçirib

Bakı. 4 iyul. REPORT.AZ/  Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin iştirakı ilə “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda 8 iyul 2015-ci keçirilməsi nəzərdə tutulan tədbir ilə bağlı Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən “Chatam House” İnstitutuna etiraz məktubu ünvanlanıb və müvafiq görüş keçirilib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nun rəhbərliyi tərəfindən səfirliyə göndərilmiş cavab məktubunda belə bir görüşün təşkilinin heç bir halda qondarma "Dağlıq Qarabağ”ın mövqeyinin təsdiqi və ya tanınması mənası daşımadığı vurğulanır. Bako Saakyanın səfəri ilə əlaqədar Azərbaycanın narahatlığının başa düşüldüyü qeyd olunaraq, "Chatam House"un. Azərbaycanın suverenliyinə və müstəqilliyinə hörmətlə yanaşdığı bildirilib.

Məktubda bu görüşün KİV-in iştirakı ilə ictimai tədbir xarakteri daşımadığı, yalnız institutun məhdud saylı ekspertlərinin iştirakı ilə “Chatam House qaydaları” əsasında təşkil ediləcəyi qeyd olunaraq, heç bir halda separatizm məramlarının təşviqinə xidmət etmədiyi diqqətə çatdırılır. Habelə, bu tədbirin məhdud çərçivədə keçiriləcəyini nəzərə alaraq, onun barəsində "Chatam House"un internet saytında verilmiş elanın da çıxarıldığı məktubda qeyd olunur.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi