Bakı. 7 mart. REPORT.AZ/ "Azərbaycan və Gürcüstan bütün sahələrdə, o cümlədən enerji və nəqliyyat sahələrində əməkdaşlığı inkişaf etdirir".
"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze deyib.
O, Gürcüstan prezidentinin yaxın vaxtlarda Azərbaycana səfər edəcəyini bildirib: "Georgi Marqvelaşvili yüksək səviyyəli görüşlər keçirmək məqsədilə Azərbaycana səfər etmək niyyətindədir", - deyə Gürcüstan XİN rəhbəri bildirib.
M.Canelidze bu il sonrakı birgə layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars layihəsinin əsasını qoymuş ilk ortaq strateji layihənin - Bakı-Supsa boru kəmərinin fəaliyyətə başlamasının 20-ci ilinin tamam olduğunu xatırladıb.
"Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayır", - deyə nazir bildirib.
XİN başçısı vurğulayıb ki, Gürcüstan və Azərbaycan bir-birini beynəlxalq meydanlarda və beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyir, o cümlədən GUAM çərçivəsində əməkdaşlığı genişləndirmək niyyətindədirlər.
M.Canelidze Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını da sözlərinə əlavə edib.