Yuxarı

​XİN: Azərbaycan Latın Amerikası ölkələri ilə əlaqələrin inkişafında maraqlıdır

Azərbaycanın bölgədəki əməkdaşlığının əsas prioritetlərindən biri Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri çatdırmaqdan ibarətdir

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Azərbaycan Latın Amerikası ölkələri ilə əlaqələrin inkişafında maraqlıdır".

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O bu regionda Azərbaycan səfirliklərinin sayının artdığını qeyd edərək, Latın Amerikası ölkələri, o cümlədən Kolumbiya, Panama, Qvatemala, Peru ilə əlaqələrin inkişafında yüksələn dinamikanın olduğunu qeyd edib.

H.Hacıyev Latın Amerikası ölkələrinin dünya siyasətində oynadığı rolunun artdığını bildirib. Onun sözlərinə görə, Azərbaycanın region ölkələrilə əməkdaşlığının əsas prioritetlərindən biri erməni təxribatlarının qarşısının alınması və Latın Amerikasında, xüsusilə də Argentina, Braziliya, Uruqvay kimi böyük erməni icmalarının yaşadığı ölkələrin ictimaiyyətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında əsl həqiqətlərin çatdırılmasından ibarətdir.

"Erməni diasporu siyasi dairələrdən öz maraqları, o cümlədən qondarma "erməni soyqırımı"nın tanınması üçün istifadə etməyə çalışır", - XİN mətbuat katibi bildirib.

O, həmçinin Azərbaycanın Latın Amerikası ölkələri ilə ticarət əlaqələrinin inkişafında maraqlı olduğunu qeyd edib. H.Hacıyevin sözlərinə görə, bölgə ilə ticarət dövriyyəsi 300 mln. dollar təşkil edir. Bunun xeyli hissəsi Braziliyanın payına düşür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi