Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim mübadilə proqramı çərçivəsində növbəti dəfə Birləşmiş Ştatların Corc Vaşinqton Universitetində təhsilini davam etdirəcək ADA Universitetinin bir qrup tələbəsi ilə görüşüb.
"Report"un ABŞ bürosu xəbər verir ki, görüş ADA Universitetinin Vaşinqton mərkəzində baş tutub.
Səfir tələbələrlə tanış olub, onlarla fikir mübadiləsi aparıb. Tələbələr də öz növbəsində X.İbrahimə müxtəlif mövzular barəsində suallar ünvanlayıblar. Diplomat tələbələrə uğurlar diləyib və onlarla xatirə fotosu çəkdirib.
Qeyd edək ki, ADA Universiteti və ABŞ-nin Corc Vaşinqton Universiteti arasında razılaşmaya əsasən azərbaycanlı tələbələr mütəmadi olaraq tələbə mübadiləsi proqramında iştirak edirlər. Onlar Corc Vaşinqton Universitetinin kompüter elmləri və data analitikası ixtisası üzrə magistr proqramında təhsillərini davam etdirəcəklər.