Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniyaya səfər edib. Səfər çərçivəsində nazir müavini Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə müvəkkili Mattias Lüttenberq və Almaniyanın federal kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə müşavirinin müavini Kristian Aulbaxla görüşlər keçirib.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşlərdə Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlər, eləcə də ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı, beynəlxalq aləmdə və regionda baş verən proseslərə dair geniş fikir mübadiləsi aparılıb.
Cari ildə iki ölkə arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyinin qeyd olunmasına istinadən, ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub.
Tərəflər, Azərbaycan və Almaniya arasında təşəkkül tapmış intensiv və səmimi siyasi dialoqun Almaniyanın yeni hökuməti ilə də davam etdiriləcəyinə ümidlərini ifadə ediblər. Həmçinin iqtisadi əlaqələrin inkişafı, Almaniyanın işğaldan azad edilmiş ərazilərimizin yenidənqurma işlərində fəal iştirakı, enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair imkanlar müzakirə edilib. Eləcə də Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olması və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynaması vurğulanıb.
Xələf Xələfov qarşı tərəfə 44 günlük Vətən müharibəsi və üçtərəfli bəyanatların imzalanmasından sonra yaranmış yeni reallıqlar, regionda davamlı sülhə nail olunmasına dair imkanlar və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair mövqeyimiz barədə ətraflı məlumat verib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri, eyni zamanda Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparıblar.