Qarabağ Universitetində keçirilən VII ADA Siyasi Forumu çərçivəsində "Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri" adlı panel müzakirəsi baş tutub.
“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirə moderatorluğu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev edib.
O, çıxışında səfir kimi fəaliyyət göstərdiyi dövrə diqqət çəkərək Qarabağın işğal altında olduğu vaxtlarda üzləşdiyi problemlərdən danışıb:
“Mən səfir olduğum dövrdə torpaqların bizə məxsus olduğuni diplomatik yolla müdafiə etməyə çalışırdıq. Məsələnin diplomatik yolla həll olunması çox səy göstərdik. Həmin vaxt sanki Azərbaycanın Qarabağdan vaz keçməsini gözləyirdilər. Ancaq biz ərazilərimizi işğaldan azad etdik və bunlar fonunda indi bəzən mesajlar eşidirik ki, guya məsələ belə həll olunmamalıydı”.

F.Şəfiyev bu gün bəzi maraqlı tərəflərin müharibə cinayətlərində təqsirləndirilən şəxslərin azad edilməsi ilə bağlı çağırışlarına da toxunub:
"Bu proses qanun çərçivəsində həyata keçirilir və cinayətkarlar qanuni cəzalarını almalıdırlar".
Türkiyə Prezidentinin baş müşaviri Çağrı Erhan çıxışında bildirib ki, bugünkü tədbir iştirakçıları böyük qələbənin nəticələrinə şahidlik edirlər:

“Burada olmaq, həqiqətən də, çox gözəldir. Azad edilmiş ərazilərdə böyük irəliləyiş görürük”.
ABŞ-nin Uilson Beynəlxalq Tədqiqat Mərkəzinin Kennan İnstitutunun direktor müavini Cenifer Vistrand (Jennifer Wistrand) dövlətlərin güclənməsində ticarət tərəfdaşlığının və institusional əlaqələrin önəminə diqqət çəkib:
“Müxtəlif ticarət tərəfdaşları, sərmayə mənbələri və institusional əlaqələrin qurulması xarici təsiri azaldır, eləcə də yerli və regional səviyyədə iqtisadi sabitliyi gücləndirir. Lakin bu günlərdə dünyanın çoxqütblü olaraq təsvir edildiyini eşidirik. Burada söhbət ABŞ, Çin, Rusiya, Hindistanın təsirindən gedir. Lakin çoxqütblülük termini bizə əməkdaşlığın necə baş verdiyini və niyə tez-tez pozulduğunu izah etmir. Nəticənin nə olmasından asılı olmayaraq, bu gün çoxtərəflilik mühüm məsələdir, çünki diplomatiyanın real, funksional dinamikalarını təsvir edir”.

Onun sözlərinə görə, bu gün idealizmdə sürətlənən bəzi elementlər var və əsas amillərdən biri də ABŞ-nin strateji qeyri-sabitliyidir:
“Bu vəziyyər həm müttəfiqlərin, həm də rəqiblərin uzunmüddətli planlar qurmasını çətinləşdirib”.
Macarıstanın Danube İnstitutunun icraçi direktoru Istvan Kiss çıxışına Türk dünyasına verdiyi dəyəri vurğulamaqla başlayıb:
“Etnik olaraq türk olub-olmamağımdan asılı olmayaraq, özümü türklərə yaxın hiss edirəm. Macarıstan həmişə türklərin böyük dostu olub və yaxın gələcəkdə də belə olacağına inanıram. Ona görə də macarıstanlı olaraq Türk dünyasına daxil olmaq xüsusi bir imtiyazdır”.

Natiq daha sonra Avropa İttifaqı daxilində baş verən hadisələrdən söz açaraq onların Avropanın gələcəyinə necə təsir edəcəyindən danışıb:
“Avropa İttifaqında baş verənlər və ticarət müharibələrinin qitəyə necə təsir etdiyinə gəldikdə son 15 ilin kədərli bir mənzərə ilə müşayiət olunduğunu deyə bilərəm. SSRİ-nin dağılmasından sonra Asiyada və Avropada çox sayda ölkələr böyük ümidlərlə müstəqil olmağı seçdi və bütün milli maraqlarını NATO-nu və Avropa İttifaqını gücləndirmək üçün qurban verdi. Ancaq indi Avropa İttifaqının milli maraqlarımıza baxmadığını görürük. Almaniya və ya Fransa kimi ölkələrlə bağlı isə Avropa İttifaqının bu ölkələrin milli maraqlarını həqiqətən izləyib-izləmədiyindən əmin deyiləm”.
Foto: Vüqar Xanlarov






