Yuxarı

Azərbaycanın ədliyyə naziri vyetnamlı həmkarını qəbul edib

Nazir Le Thi Thu Banın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib

Bakı. 2 iyul. REPORT.AZ/ Vyetnamın Kommunist Partiyası Siyasi Bürosunun Ədliyyə İslahatları üzrə Komissiyasının daimi sədr müavini, nazir xanım Le Thi Thu Banın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Le Thi Thu Ba Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovla görüşüb.

Görüşdə Azərbaycan və Vyetnam arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin dinamik inkişafını qeyd edən F.Məmmədov ölkə başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin möhkəmlənməsində xüsusi rolunu, müxtəlif sahələr üzrə imzalanmış mühüm sənədlərin qarşılıqlı fəaliyyətin inkişafına böyük təkan verdiyini vurğulayıb.

Nazir ölkə başçısının rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin inkişafı, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, yeni məhkəmələrin yaradılması, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, infrastrukturun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi barədə məlumat verib, hüquqi əlaqələrin dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu bildirib.

Xanım nazir Vyetnam Prezidentinin Azərbaycanın məhkəmə-hüquq sistemindəki nailiyyətləri və müsbət təcrübəsi ilə tanış olmaq barədə tapşırığına əsasən Azərbaycanda olmasından məmnunluğunu ifadə edərək, səfərin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib.

Qonaq səfər zamanı Azərbaycanın dinamik inkişafının şahidi olduğunu söyləyərək, məhkəmə və ədliyyə sistemdə aparılan islahatları təqdir edib, ölkəsinin hüquq sistemindən danışıb.

Söhbət zamanı həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalının ağır nəticələri və bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktı qonaqların xüsusi diqqətinə çatdırılıb.

Nümayəndə heyəti nazirlikdə Ədliyyə tarixi muzeyi, habelə Azərbaycan-Vyetnam münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olub, qonaqlara müasir məhkəmə-hüquq sisteminin fəaliyyətini, həmçinin iki ölkə arasında ikitərəfli münasibətləri, habelə Azərbaycan dövləti barədə materialları və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri əks etdirən xüsusi jurnallar təqdim edilib.

Görüşdə Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov iştirak edib.

Həmin gün vyetnamlı nazirin Məhkəmə-Hüquq Şurasında, Hakimlərin Seçki Komitəsində və Ədliyyə Akademiyasında görüşləri keçirilib.

Vyetnam nümayəndə heyəti Fəxri Xiyabanda da olub. Onlar ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq, məzarı üzərinə tər çiçəklər düzülüb. Qonaqlar həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların məzarlarını ziyarət edərək "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi