Bu gün Birləşmiş Krallığın Avropa qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycanda qadın hüquqlarını müzakirə etmək üçün vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşüb və qadın sığınacağına baş çəkib.
"Report" xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın Azərbaycandakı səfirliyi yayıb.
V.Morton məişət zorakılığını bütün ölkələrin həll etməsinin zəruri olduğunu bildirib: "Bu gün Bakıda qadın hüquqlarını təşviq və qadınların perspektivlərinin hər səviyyədə eşidilməsini təmin etmək üçün nazirlər, millət vəkilləri və fəallarla birlikdə müzakirələr aparıram. Azərbaycanda qadınların ümumi seçki hüququnu Birləşmiş Krallıqdan 9 il əvvəl əldə etməsi möhtəşəmdir, lakin bərabərliyə nail olmaq üçün görüləsi işlər hələ də çoxdur. Bu gün məişət zorakılığından xilas olanlarla görüşmək və onların hekayələrini şəxsən dinləmək şərəfinə layiq görüldüm. Gender əsaslı zorakılıq dünyanın çox böyük problemidir. Azərbaycanda məişət zorakılığına qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının qəbul olunması çox yaxşıdır - mən Azərbaycanın ən qısa zamanda İstanbul Konvensiyasını imzalamağı qətiyyətlə tövsiyə edirəm".