“Cənubi Qafqaz kimi bölgədə müharibədən sonra imzalanmış bəyanatın ardınca yeni iqtisadi rayonların yaradılması təbii ki, bütöv bölgənin gələcək iqtisadi rifahı üçün mühüm addımdır”.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının Maliyyə, vergi və gömrük siyasəti Komitəsinin sədri, xalq deputatı Maryan Zablotskiy bildirib.
O qeyd edib ki, bunlar arasında Şərqi Zəngəzur iqtisadi rayonun yaradılması, eyni zamanda gələcəkdə Zəngəzur dəhlizinin işə düşməsi bütün bölgə ölkələri, o cümlədən Ukrayna şirkətləri üçün də mənfəətli olar:
"Hesab edirəm əldə olunmuş razılıq əsasında bağlanacaq sülh müqaviləsi ilə Ermənistan da buradan faydalana bilər. İşğaldan azad edilmiş rayonların daxil olduğu 2 yeni iqtisadi zonanın yaradılması (Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları) Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ilk dəfə olaraq bu ərazilərin ölkə təsərrüfatına cəlb ediləcəyindən xəbər verir. Amma hesab edirəm ki, bu, eyni zamanda regional kommunikasiyaya da ciddi töhfə verəcək. Çünki iqtisadi rayonun fəallığı, nəzərə alsaq ki, ora region üçün strateji bölgədir, yeni kommunikasiyada yeni iqtisadi nəfəslər açacaq".
Yeni iqtisadi rayonların yaradılmasından sonra bu regionların inkişaf perspektivləri haqqında danışan M. Zablotskiy bildirib ki, bu rayonlara daxili və xarici investisiyaların cəlb edilməsi üçün işlər aparılır:
"Bu baxımdan da yeni iqtisadi rayonlara bölünmə investisiyaların cəlb edilməsinə şərait yaradır, belə ki, bu, ümumi məhsul istehsalına yönəlmiş məqsədli investisiyalar olacaq”.