“Ukraynada müharibədən qaçanlar arasında vətəndaşlıq mənsubiyyətinə görə Azərbaycan vətəndaşları da var”.
Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən bildiriblər.
Qeyd edilib ki, müharibə bölgəsini tərk edənlər təkcə Ukrayna vətəndaşları deyillər. Təyyarə reysləri təxirə salındığından Ukrayandan quru yolla Polşa, oradan da Almaniyaya keçənlər arasında digər ölkə vətəndaşları da var. Onların vətəndaşlıq mənsubiyyəti müəyyən olduqdan sonra ölkələrinə təhlükəsiz şəkildə qayıtmaları təmin ediləcək. Hazırda bu istiqamətdə Almaniyada olan xarici ölkə səfirlikləri ilə iş aparılır. Almaniyaya sığınanların çoxu qaçqın kamplarına yerləşdiriliblər. Bəziləri isə, alman ailələr və ya bu ölkədəki yaxınları tərəfindən qəbul ediliblər.
Bildirilib ki, Ukrayna vətəndaşı olan azərbaycanlılar da Almaniyada 90 gün qanuni qalma hüququna sahibdirlər: "Bir neçə gün öncə isə Almaniyadakı siyasi partiyaların funksionerləri Avropa İttifaqı ölkələrinə sığınan Ukrayna vətəndaşlarına humanitar əsaslarla birillik yaşamaq icazəsinin veriləcəyi ilə bağlı fikirlər səsləndiriblər".