Yuxarı

Uilyam Lahyu: "Azərbaycan və NATO arasında münasibətlər dərinləşir"

NATO tərəfdaş ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsi vacibliyini dərk edir

Bakı. 19 mart. REPORT.AZ/ "Azərbaycan və NATO arasında münasibətlər dərinləşir". "Report" xəbər verir ki, bu barədə NATO-nun Qafqaz üzrə koordinator zabiti Uilyam Lahyu "NATO-Azərbaycan münasibətləri: 2014-cü il NATO-nun Uels sammitindən sonrakı əməkdaşlıq perspektivləri" mövzusunda Bakıda keçirilən konfransda bildirib. 

"Rusiya yalnız qonşuları üçün deyil, həm də Avropaya təhlükə olduğunu nümayiş etdirib, buna görə də NATO tərəfdaşlarla əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini dərk edir", - NATO-nun koordinator zabiti əlavə edib.

NATO-nun regionla əməkdaşlığı haqqında danışan U.Lahyu bildirib ki, bir neçə gün əvvəl Gürcüstanda Təlim-qiymətləndirmə mərkəzinin açılışı olub. Həmin mərkəz Azərbaycan üçün də böyük imkanlar yaradır. Belə ki, Azərbaycan öz hərbçilərini təlimlərdə iştirak etmək üçün həmin mərkəzə göndərə bilər. O qeyd edib ki, bu il NATO Azərbaycan və Gürcüstan hərbçilərinin iştirakı ilə taktiki təlimlər keçirəcək. 

NATO nümayəndəsi əlavə edib ki, Peşəkar İnkişaf Proqramı region üçün daha bir yenilik olacaq. Onun sözlərinə görə, mülki müdafiə qüvvələrinin peşəkar inkişafı üçün hazırlanan proqram əvvəlcə Gürcüstanda həyata keçiriləcək, daha sonra isə Azərbaycan və Ermənistanda da tətbiq oluna bilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi