Türkiyəli professor “3+3” formatı ilə bağlı problemləri açıqlayıb

Türkiyəli professor “3+3” formatı ilə bağlı problemləri açıqlayıb “3+3” formatı ilə bağlı masanın toplanması mərhələsində ən böyük problemlərdən biri də bərabərlik prinsipinə əsaslanan həll yolunun axtarışıdır”.
Xarici siyasət
25 Sentyabr , 2023 17:59
Türkiyəli professor “3+3” formatı ilə bağlı problemləri açıqlayıb

“3+3” formatı Qafqazda regional sülhün və sabitliyin təmin edilməsi baxımından mühüm təşəbbüsdür, lakin onun həyata keçirilməsində müəyyən problemlər var".

Bunu “Report”a açıqlamasında türkiyəli tarixçi, professor İbrahim Tellioğlu deyib.

Onun sözlərinə görə, bu formatda yer alan ölkələr arasında Türkiyə və Azərbaycan danışıqların həyata keçirilməsində əsas təşəbbüskarlardır. Ermənistanın bu formatda iştirak məsələsinə gəldikdə isə ekspert qeyd edib ki, müxalifətin təzyiqlərinə baxmayaraq, Ermənistan da Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq istəyir.

“Lakin Qarabağda separatçıların törətdiyi son hadisələrdən göründüyü kimi, fanatik qruplar baş nazir Nikol Paşinyanın atdığı addımlara çox sərt reaksiya verirlər. Elə dünən Paşinyana qarşı çevriliş cəhdi oldu. Türkiyə və Azərbaycanla yaxşı münasibətlər qurmağı qarşısına məqsəd qoyan erməni dövlət adamlarının başına gələnləri eks prezident Ter Petrosyanın timsalında görmək olar”, - deyə İ.Tellioğlu əlavə edib.

İranla bağlı danışan ekspert bildirib ki, cənub qonşumuz bu formatda iştirak etməməyə çalışır, ancaq bütün region ölkələri bir masa ətrafında toplansa, İran geri çəkilməyəcək: “Çünki bölgədəki proseslərdə daha çox öz daxili narahatlıqlarını nəzərə alaraq hərəkət etdiyi üçün İran regional problemlərin həllinə töhfə verəcək layihələr hazırlamayıb. Onun son Qarabağ müharibəsindəki davranışı da bunun göstəricisidir, amma hesab edirəm ki, son mərhələdə region ölkələri bir araya gələndə İran geri çəkilməyəcək”.

İ.Tellioğlu Gürcüstanın “3+3” formatını dəstəkləməmə səbəbindən də söz açıb. Professor vurğulayıb ki, Gürcüstanda regional problemlərin həlli üçün Avropa İttifaqı (Aİ) və NATO mərkəzli çıxış yolu axtaranlar kifayət qədər çoxdur: “Gürcüstan ərazisinin üçdə-biri Rusiyanın işğalı altında olan bir ölkə kimi ruslarla bir masa arxasında oturmamağa diqqət yetirir və əslində, haqlıdır. Bununla belə, regionun digər dövlətləri ilə yaxşı münasibətlər qurmağı bacaran dövlətdir. Gürcüstanda regional problemlərin həlli üçün Aİ və NATO mərkəzli çıxış yolu axtaranlar kifayət qədər çoxdur”.

İ.Tellioğlu hesab edir ki, bəzi texniki problemlər olsa da, region ölkələrinin bir araya gəlib öz məsələlərini müzakirə etməsi Qafqazda daimi sülhün və sabitliyin təmin olunmasının ən məntiqli yoludur: “Bu masanın toplanması mərhələsində ən böyük problemlərdən biri də bərabərlik prinsipinə əsaslanan həll yolunun axtarışıdır. Nəticədə, bəzi texniki problemlər olsa da, region ölkələrinin bir araya gəlib öz məsələlərini müzakirə etməsi Qafqazda daimi sülhün və sabitliyin təmin olunmasının ən məntiqli yoludur. Bütün inkişaf etmiş ölkələr eyni yolu keçiblər, Avropa Birliyi buna ən böyük nümunədir. Oradakı icmaların bir-biri ilə problemləri Qafqazdakından daha çox idi. Lakin onlar aralarındakı əməkdaşlığı təkmilləşdirməklə dünyanın ən mühüm güclərindən birinə çevrildilər. Niyə bizim regionda eyni şey uğurlu olmasın?”.

Son xəbərlər

Orphus sistemi