Səfir: "TAP layihəsindən sonra Yunanıstanın Azərbaycanla əlaqələri çiçəklənmə dövrünü yaşayır"

Səfir: "TAP layihəsindən sonra Yunanıstanın Azərbaycanla əlaqələri çiçəklənmə dövrünü yaşayır" "Azərbaycan və Yunanıstan xalqları arasında bir çox oxşarlıqlar var"
Xarici siyasət
10 Fevral , 2017 13:48
Səfir: TAP layihəsindən sonra Yunanıstanın Azərbaycanla əlaqələri çiçəklənmə dövrünü yaşayır

Bakı. 10 fevral. REPORT.AZ/ "Azərbaycan-Yunanıstan əlaqələri yaxşı səviyyədədir və gələcəkdə də inkişaf edəcək".

"Report" xəbər verir ki, bunu Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsunqas azərbaycanlı tələbələrlə görüşdə deyib.

"TAP layihəsinin icrasına başlanandan sonra Azərbaycan ilə əlaqələr çiçəklənmə dövrünü yaşayır. Yüksək səviyyədə səfərlər həyata keçirilir və bu, əlaqələrimizin səviyyəsini göstərir", - deyə D.Tsunqas bildirib.

Onun sözlərinə görə, ölkələr arasında münasibətlər yalnız siyasi arenada inkişaf etmir, amma Yunanıstan hər iki tərəfin maraqlı olduğu siyasi dialoqun daha da genişləndirilməsinə səylər göstərir.

"Hesab edirəm ki, Yunanıstan və Azərbaycan arasındakı ticarət əlaqələri aşağı səviyyədədir. Ticarət əlaqələrini genişləndirəcəyimizə ümid edirik. Yunanıstan məhsullarının Azərbaycan mağazalarının rəflərində olmasını və əksini çox istərdik. Biz bu istiqamətdə səylərimizi əsirgəməyəcəyik", - diplomat qeyd edib.

Mədəni əlaqələrdən danışan yunan diplomat Azərbaycan və Yunanıstan xalqları arasında bir çox oxşarlıqların olduğunu və mədəniyyətlərin çulğalaşdığını vurğulayıb.