Şuşada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda baş tutan beynəlxalq konfransın ilk panel iclası keçirilib.
“Report”un Şuşaya ezam olunmuş əməkdaşının məlumatına görə, deputat Ramil Həsənin moderatorluğu ilə “Türk Dövlətləri Təşkilatı: qlobal təhlükəsizliyə regional töhfə” mövzusunda iclas baş tutub.
Toplantıda YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Efkan Ala, Qazaxıstanın “Amanat” partiyasının icra katibi Daulet Kəribek, Özbəkistanın Sahibkarlar və İş Adamları Hərəkatı – Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri Aktam Xaitov iştirak ediblər.
Tədbirdə əvvəlcə çıxış edən YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, türk dövlətləri ilə münasibətlərin inkişafını Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə bu istiqamətdə mühüm addımlar atılmış və bugünkü uğurlarımızın təməli qoyulub:
"Ümummilli Liderin siyasi varisi - Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, müasir dövrün reallıqları və çağırışlarına cavab verən çoxşaxəli siyasətində türk dövlətləri ilə ortaq mənəvi dəyərlərə və müştərək strateji maraqlara əsaslanan münasibətlərin inkişafı xüsusi yer tutur. Dövlət başçısı Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsinə, xüsusilə də Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə böyük önəm verir”.
Daha sonra çıxış edən Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Efkan Ala vurğulayıb ki, Şuşa Bəyannaməsi yalnız ikitərəfli münasibətlərimizə işıq tutan bir sənəd deyil, eyni zamanda, bölgədə təhlükəsizliyi və daimi sülhü təmin edir: “Türkiyə-Azərbaycan birliyi bir təhdid deyil, ortaq coğrafiyamız üçün güclü bir təminat qaynağıdır. İşbirliyi çərçivəsində bölgənin sabitliyi üçün gündəmi daim yaxından izləyirik. Regionda normallaşma istiqamətində Azərbaycanın səylərinə güclü dəstəyimizi davam etdiririk”.
Qazaxıstanın AMANAT Partiyasının İcra katibi Daulet Kəribek TDT-yə üzv ölkələrin hakim partiyalarını ikitərəfli əməkdaşlığı gücləndirməyə dəvət edib:
“Geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda TDT turbulentlikdən sürətlə çıxmaq və itkiləri minimuma endirmək yolunda bir körpü rolunu oynayır. TDT-nın dövlət başçılarının müxtəlif istiqamətlərdə türk inteqrasiyasını daim inkişaf etdirmək və möhkəmləndirmək və dərinləşdirmək istiqamətində məqsədyönlü hərəkətdə olmaları vacibdir”.
Özbəkistanın Sahibkarlar və İş Adamları Hərəkatı – Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri Aktam Xaitov isə söyləyib ki, Azərbaycan ölkəsinin etibarlı tərəfdaşıdır: “Ölkələrimiz ortaq dilə, adət-ənənələrə malik dost ölkələrdir”.
Hər iki ölkənin dövlət başçılarının dostluq və etimada əsaslanan münasibətləri əməkdaşlığımızın genişlənməsinə töhfə verdiyini vurğulayan qonaq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda xalqın rifahının daha da yaxşılaşdırılması, ölkənin suverenliyi, siyasi, iqtisadi və hərbi qüdrətinin möhkəmləndirilməsi diqqətdə saxlanılır, həmçinin beynəlxalq nüfuzu gücləndirilir.
Bununla da konfransın ilk panel iclası başa çatıb.