Siyavuş Novruzov: “ATƏT özünü ağsaqqal kimi aparmasın”
Xarici siyasət
20 Noyabr , 2014
14:34
https://static.report.az/photo/1ded8a38-7f28-41db-b96a-722f1e0e2f77.jpg
Bakı. 20 noyabr. REPORT.AZ/ “Azərbaycan müstəqillik qazandıqdan sonra ATƏT-lə səmimi əməkdaşlığa çalışıb. Lakin biz dəfələrlə, istər seçkilər dövründə, istərsə də Azərbaycanla bağlı digər məsələlərdə ATƏT-in qeyri-obyektivliyini, ölkəmizin daxili işlərinə qarışmasını, Azərbaycan dövlətinin idarə olunmasına özünün təsir mexanizmini göstərmək cəhdlərinin şahidi olmuşuq”. “Report”un məlumatına görə, bunu YAP icra katibinin müavini Siyavuş Novruzov “Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinin Milli Məclisdə keçirilən müzakirəsi zamanı deyib. Bununla yanaşı, S.Novruzov qanun layihəsinin əleyhinə də çıxmayıb: “Biz bunu səs verək, təsdiqləyək. Ancaq xahiş edək ki, ATƏT öz mandatı daxilində fəaliyyət göstərsin. Mandatından kənara çıxmasın. ABŞ-da, Avropanın hər hansı bir ölkəsində göstərdiyi fəaliyyəti Azərbaycanda da həmin mandat çərçivəsində göstərsin. Özünü ağsaqqal kimi aparmasın. Azərbaycan öz dövlətində idarəetmə mexanizmini müəyyənləşdirib, rəhbərini seçib, dövlət strukturlarını formalaşdırıb. Bu xalqın dəyərləri ATƏT-in, ora yığışanların dəyərlərindən daha üstündür. Hesab edirəm ki, ATƏT gələcək fəaliyyətlərində qeyd etdiyimiz məsələləri nəzərə alacaq”.