Sent-Vinsent və Qrenadin rəsmisi: Müstəmləkəçilik insanların layiqli mənzilə sahib olmasının qarşısını alıb
- 19 may, 2026
- 12:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Müstəmləkəçilik müxtəlif formalarda insanların layiqli mənzilə sahib olmasının qarşısını alıb.
Bunu "Report"a açıqlamasında Sent-Vinsent və Qrenadinin hökumət başçısının müşaviri Bayron-Kox Riçard Entoni Beresford Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində deyib.
Onun sözlərinə görə, müstəmləkəçiliyin gətirdiyi faciələr Karib hövzəsində, Latın Amerikasında və Afrikada tamamilə müxtəlif formalarda özünü büruzə verə bilər:
"Amma nəticə eynidir, insanlar bütün dünyada əziyyət çəkirlər. Məsələn, Karib hövzəsində ən yaxşı evlər müstəmləkəçilər üçün ayrılırdı. Ona görə də sonradan müstəqillik qazanan ölkələrin həll etməli olduğu çoxlu problemlər qaldı. Bu problemlərdən biri də mənzil məsələsidir. Bunun həlli üçün resurslar, yəni pul lazımdır. Eyni zamanda, torpaq lazımdır, çünki evlər torpaq üzərində tikilir".
Bayron-Kox Riçard Entoni Beresford bildirib ki, məsələ sadəcə insanları yerləşdirmək üçün bina tikmək deyil:
"Problemlərin həlli üçün müxtəlif yanaşmalar mövcuddur və biz bir-birimizdən öyrənə bilərik. İnsanların bir araya gəlməsi üçün kimsə bu prosesi təşkil etməlidir, insanları toplamalıdır. Azərbaycan da məhz bunu edib, bizi bir araya gətirib. Bu baxımdan, çox faydalı bir təşəbbüsdür. Bizim həll etməyə çalışdığımız məsələ yaşlı insanların deyil, gənclərin gələcəyidir. Məhz Bakıda gənc və yaradıcı düşüncələr bir araya gələrək bu problemi həll etməyə çalışırlar".