Səməd Seyidov və Azay Quliyev Qazaxıstanda beynəlxalq konfransda iştirak edəcəklər

Səməd Seyidov və Azay Quliyev Qazaxıstanda beynəlxalq konfransda iştirak edəcəklər Deputatlar avqustun 27-dən 31-dək səfərdə olacaqlar
Xarici siyasət
26 Avqust , 2016 17:33
Səməd Seyidov və Azay Quliyev Qazaxıstanda beynəlxalq konfransda iştirak edəcəklər

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin deputatları Səməd Seyidov və Azay Quliyev avqustun 27-dən 31-dək Qazaxıstanda səfərdə olacaqlar.

Bu barədə "Report"a parlamentin mətbuat xidmətindən bildirilib.

Səfərdə məqsəd ölkənin paytaxtı Astana şəhərində keçiriləcək “Nüvə silahından azad dünyanın inşa edilməsi” adlı beynəlxalq konfransda iştirak etməkdir.

Səməd Seyidov tədbirdə Milli Məclisi komitə sədri, Azay Quliyev isə ATƏT PA-nın vitse-prezidenti qismində bu qurumu təmsil edəcəklər. Konfrans çərçivəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri S.Seyidov “Nüvə silahları və ya müharibə olmadan təhlükəsizlik” mövzusunda paneldə çıxış edəcək.

A.Quliyev konfransın plenar iclasında ATƏT PA-nın adından çıxış edəcək və konfransın mövzusu ilə əlaqədar təşkilatın mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdıracaq.

Qazaxıstan səfəri zamanı S.Seyidovun Qazaxıstan Senatının xarici əlaqələr komitəsinin sədri İkram Adirbekov və Rusiyanın Federasiya Şurasının xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçev ilə görüşləri nəzərdə tutulur. Görüşlərdə Azərbaycanla Qazaxıstan və Azərbaycanla Rusiya arasında parlamentlər səviyyəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq imkanları və perspektivləri müzakirə ediləcək.

Səfər çərçivəsində A. Quliyevin bir sıra ikitərəfli görüşləri, o cümlədən Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev ilə görüşü nəzərdə tutulub. A. Quliyevin Qazaxıstan Senatının sədri ilə görüşü zamanı ilk növbədə bu ölkə ilə ATƏT PA arasında mövcud münasibətlərin durumu və gələcək perspektivləri müzakirə ediləcək.

Görüş çərçivəsində həmçinin Azərbaycanla Qazaxıstan parlamentlərarası ikitərəfli münasibətlər, o cümlədən ATƏT PA çərçivəsində Azərbaycan və Qazaxıstan nümayəndə heyətləri arasında tərəfdaşlıq, bu tərəfdaşlığın daha da gücləndirilməsi və əlaqələrin daha sıx koordinasiya edilməsi məsələləri müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi