Yuxarı

Səfirlik: Fransada Azərbaycanla bağlı keçirilməsi nəzərdə tutulan tədbir ləğv olunmayacaq

Azərbaycanın Fransadakı səfirliyinin 3-cü katibi Həbib Hacıyev: Ermənilərin təhdidləri ilə bağlı Fransa XİN və DİN-ə müraciət etmişik

Bakı. 26 avqust. REPORT.AZ/ "Bu ilin sentyabr ayında Fransada Azərbaycanla bağlı keçirilməsi nəzərdə tutulan tədbir ləğv olunmayacaq. Bununla bağlı heç bir narahatçılıq yoxdur".

Bunu "Report"a Azərbaycanın Fransadakı səfirliyinin 3-cü katibi Həbib Haciyev Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının (CCAF - Coordination Council of Armenian Organizations of France) Parisin birinci meriyası və səfirlik tərəfindən keçirilən "Palas Royalın mərkəzində Azərbaycan kəndi" adlı tədbirin ləğv edilməsi ilə bağlı ünvanladığı məktubu şərh edərkən deyib.

Onun sözlərinə görə, səfirlik ermənilərin məktubda ifadə etdiyi təhdidlərlə əlaqədar Fransanın Xarici və Daxili İşlər nazirliklərinə müraciət edib: "Fransa DİN-in məsələ ilə bağlı xəbəri var və onlar tədbir boyu bu əraziyə nəzarət edəcəklər, tədbir zamanı təhlükəsizlik tədbirləri gücləndiriləcək".

Səfirlik nümayəndəsi əlavə edib ki, bu cür iri tədbir Parisdə çoxluq təşkil edən erməni icmasını qıcıqlandırır: "Təbii ki, Fransa demokratik ölkədir, onlar da açıq məktub yazıblar, amma nə edirlər etsinlər, tədbir keçiriləcək".

H.Hacıyev vurğulayıb ki, bu məsələ ilə əlaqədar Parisin birinci meriyası ilə görüş keçirilib və meriya tədbirdə heç bir dəyişiklik olmayacağı barədə zəmanət verib.

Qeyd edək ki, avqustun 29-dan sentyabrın 10-na qədər Parisdə keçiriləcək tədbirlə əlaqədar Fransa Erməni Təşkilatları Koordinasiya Şurası məktub ünvanlayıb və tədbirin ləğv olunmasını tələb edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi