Səfir: “Ümid edirəm, yaxın gələcəkdə Monteneqro vətəndaşları da Azərbaycana vizasız daxil ola biləcəklər”
- 07 iyul, 2023
- 07:27
Yeniliklərdən dərhal xəbərdar olun!
“Ümid edirəm, yaxın gələcəkdə Monteneqro vətəndaşları da Azərbaycana vizasız daxil ola və ölkənizin nə qədər gözəl, zəngin mədəniyyətə malik olduğunu öz gözləri ilə görə biləcəklər”.
Bunu “Report”un Ankara bürosuna müsahibəsində Monteneqronun Ankarada iqamət edən Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Perişa Kastratoviç deyib.
“Yay aylarında Podqoritsa ilə Bakı arasında çarter reysi olur. Nəzərə alaq ki, Azərbaycandan çoxlu sayda turist Monteneqroya səfər etməkdə maraqlıdır. Qeyd etdiyim kimi xalqlarımızın bir-birini tanıması çox önəmlidir və məhz bu səbəbdən gələcəkdə iki ölkə arasında yalnız yay aylarında çarter reysləri deyil, müntəzəm uçuşların olacağına ümid edirəm. Birbaşa aviareysin olması, həmçinin iqtisadi əməkdaşlığımızın daha da genişlənməsinə öz töhfəsini verər. Qeyd etməliyik ki, Azərbaycan vətəndaşlarının Monteneqroya səfəri üçün vizaya ehtiyacları yoxdur və hər zaman gəlib ölkəmizin təbii gözəlliklərilə tanış ola bilərlər. Ərazisi kiçik olsa da, Monteneqro həm Aralıq dənizi sahilində yerləşir, həm də dağlıq ölkədir və bir çox təbii müxtəlifliyə malikdir. Gözəl və müxtəlif çimərlikləri olan dəniz, gizli göllər, yunan və Roma dövründə qurulmuş adalar və şəhərlər, Balkanların ən böyük gölü, Avropada rast gəlinən nadir ibtidai meşələrindən biri, nəhəng dağlar, buz bağlamış şəffaf göllər, Avropanın ən dərin kanyonu, beş milli park, çoxsaylı təbiət qoruqları və qorunan ərazilərimiz var. Monteneqronun kiçik dənizkənarı şəhəri olan Kotor böyük bədii və mədəni dəyərləri ilə YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olub. Ən yaxşısı isə odur ki, bunların bir çoxunu 7-8 gün ərzində görmək mümkündür. Düşünürəm ki, bu sadaladıqlarım Monteneqroya mükəmməl bir səyahətə səbəb olar. Ümid edirəm, yaxın gələcəkdə Monteneqro vətəndaşları da Azərbaycana vizasız daxil ola və ölkənizin nə qədər gözəl, zəngin mədəniyyətə malik olduğunu öz gözləri ilə görə biləcəklər”, - səfir bildirib.
Müsahibənin tam mətni ilə bu linkdən tanış ola bilərsiniz.