Yuxarı
    Bağlamaq

    Səfir: "Mərakeş və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında böyük potensial mövcuddur" - MÜSAHİBƏ

    Mərakeşə getmək məqsədilə viza almaq üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı ilbəil artır

    Bakı. 23 dekabr. REPORT.AZ/ Mərakeş Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Məhəmməd Adil Embarşın "Report" agentliyinə müsahibəsi:

    - Cənab səfir, bizə özünüz haqqında daha çox məlumat verərdiniz. Azərbaycana gəlməzdən əvvəl harada işləmisiniz?

    - Yaratdığınız bu imkana görə sizə təşəkkür edirəm və Azərbaycanda ilk müsahibəmi bu qədər peşəkar agentliyə verdiyimə görə, şad olduğumu qeyd etmək istəyirəm. Mən geniş karyeraya malik diplomatam və müxtəlif ölkələrdə müxtəlif vəzifələrdə işləmişəm. Azərbaycana gəlməzdən əvvəl Parisdə səfirin müavini kimi çalışırdım. Buna qədər isə Vaşinqton, Pekin və Banqkokda Mərakeş səfirliyində fəaliyyət göstərmişəm. Hazırda Bakı kimi həyat dolu və gözəl şəhərdə olduğuma görə, şadam.

    - Mərakeş və Azərbaycan arasında ikitərəfli siyasi və iqtisadi əlaqələri necə qiymətləndirirsiniz? Mərakeş səfiri kimi qarşınıza hansı məqsədləri qoymusunuz?

    - Mərakeş Azərbaycanla diplomatik əlaqələr quran ilk ölkələrdən biri olub. O vaxtdan bəri münasibətlər inkişaf edib və hər iki ölkə səfirlik açmaq qərarına gəlib. Bakıda Mərakeş səfirliyi 8 il əvvəl açılıb və o vaxtdan bəri çox iş görülüb. Belə qısa müddət ərzində böyük nailiyyətlər əldə olunduğuna görə, sələfim Həsən Hamiyə və Azərbaycanın Rabatdakı səfirliyinə təşəkkür etmək istəyirəm.

    Rəsmi şəxslərin çoxsaylı səfərləri olub, müqavilələr imzalanıb, mədəni tədbirlər keçirilib, turist axını başlayıb.

    Siyasi münasibətlər əladır. Diplomatik kanallar vasitəsilə əlaqələr müntəzəm olaraq, eləcə də Rabat və Bakıda müxtəlif səviyyələrdə və beynəlxalq forumlar çərçivəsində siyasi məsləhətləşmələr şəklində həyata keçirilir.

    Mərakeş və Azərbaycan çoxsaylı beynəlxalq təşkilatların fəal üzvləridir. Buna görə də qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün sıx əlaqə qurmağa ehtiyac var.

    Hər iki ölkə 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. İki ölkənin baxışları ərazi bütövlüyü, terrorla mübarizə, İslam dəyərlərinin təbliği və s. kimi bir çox məsələlərdə üst-üstə düşür. Siyasi əlaqələrimiz yaxşı səviyyədə olsa da, bununla kifayətlənməməliyik. Münasibətlər saxlanılmalı və siyasi dialoq, ticarət, investisiya, mədəniyyət vasitəsilə onların gücləndirilməsinə səylər göstərilməlidir.

    Məqsədlərimə gəlincə, iqtisadi əlaqələri təşviq etməyə çalışacağam. Çünki bu sahədə böyük potensial, maraqlı imkanlar görürəm.

    - Ölkələrimiz arasında ticarət dövriyyəsinin səviyyəsi necədir və bu göstəricinin artması üçün üçün nə etmək lazımdır?

    - Son illərdə ticarət dövriyyəsinin səviyyəsinin dəyişkən olduğunu görürük. Ona görə də bu göstəricilərin heç nəyi əks etdirmədiyini deyə bilərəm. Artıq qeyd etdiyim kimi, rəsmi münasibətlər kifayət qədər yenidir və biznes cəmiyyətlərinin bir-birindən öyrənəcəyi hələ çox şeylər var. Əminliklə deyə bilərəm ki, ticarət və ikitərəfli investisiyalar baxımından inkişafı üçün potensial çox yüksəkdir və bu mənada nikbinəm.

    Əlahəzrət Kral VI Məhəmməd onsuz da açıq olan Mərakeş iqtisadiyyatında islahatlara başlayıb. Hökumət ABŞ, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələri ilə azad ticarət haqqında saziş imzalayıb. Eyni zamanda, Afrikada müxtəlif tərəfdaşlarla gömrük imtiyazlarımız var. Bu gün Mərakeş dünyada ən geniş azad ticarət şəbəkəsinə malik ölkədir.

    "Azərbaycan - 2020" proqramını və iqtisadiyyatın şaxələndirilməsi üçün rəsmi şəxslər tərəfindən müəyyənləşdirilən prioritet sahələri nəzərdən keçirəndə Mərakeşin Azərbaycana bu məqsədlərə nail olmaqda yardım edə biləcəyini görürəm.

    Kənd təsərrüfatı, logistika, turizm, yaşıl texnologiya, bərpa olunan enerji mənbələri sahəsində uğurlu tarixə malik Mərakeş həm də bu təcrübəni bölüşə bilər.

    Bundan başqa, Azərbaycan Afrikada biznesin inkişafında maraqlıdır. Fikrimcə, SOCAR və azərbaycanlı iş adamları Afrikada iş platforması kimi Mərakeşdən istifadə edərək uğur qazana bilər. SOCAR Mərakeşdə böyük hörmətə malik çox əhəmiyyətli şirkətdir.

    - Turizm sektorundakı əməkdaşlıq barədə nə deyə bilərsiniz? Bu il nə qədər azərbaycanlı turist Mərakeşə səfər edib?

    - Turizm baxımından, əməkdaşlıq səviyyəsi heç vaxt kifayət qədər ola bilməz. Mərakeş dünyanın ən məşhur turistik istiqamətlərindən biridir. Hər il ölkəni 12 milyon adam ziyarət edir. Mərakeşə getmək məqsədilə viza almaq üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı ilbəil artır. Hər iki ölkə turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb və biz Mərakeşin təşviqi üçün bir çox turizm agentlikləri ilə əlaqədə oluruq. Lakin maliyyə böhranı turizm əlaqələrinin inkişafına yardım etmir, əksinə mane olur. Xüsusən də bir-birindən uzaq yerləşən ölkələr arasında əlaqələrə. Ancaq yenə də azərbaycanlıların bir çoxu Mərakeşə səfər etməkdə maraqlıdır. Elə mərakeşlilər də Azərbaycanı ziyarət etməkdə maraqlıdırlar. Maraqlısı odur ki, iki ölkə arasında məsafənin böyük olmasına baxmayaraq, ümumi cəhətlərimiz çoxdur. Hər iki istiqaməti təşviq etməyə çalışırıq ki, insanlar bir-biri haqqında daha çox şey öyrənsinlər.

    - Mərakeş cənub əyalətlərindəki problemlərin həlli üçün hansı addımları atır və Krallığın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi necədir?

    - Bu məsələlərdə ortaq baxışımız var. Biz ölkələrin ərazi bütövlüyünün əhəmiyyətinə inanırıq. Azərbaycan cənub əyalətlərinin Mərakeş ərazisi olması faktını dəstəkləyir.

    BMT Təhlükəsizlik Şurasının məsələnin siyasi həll yolunu tapmaq çağırışına cavab olaraq, Mərakeş ölkənin ərazi bütövlüyü və milli birliyi çərçivəsində Qərbi Saxara regionuna muxtariyyət verilməsini təklif edib.

    Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Krallığın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyi həmişə açıq-aydın olub. Biz münaqişənin uzunmüddətli həlli üçün ən yaxşı zəmanətin güclü siyasi iradəyə əsaslanan ciddi dialoq olduğuna inanırıq. Mərakeş, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə İslam Əməkdaşlıq Təşkilatının kontakt qrupuna qoşulub.

    - Yaxın gələcəkdə Mərakeşə və ya Mərkeşdən səfərlər gözlənilirmi?

    - Şübhəsiz. Bu il xarici işlər nazirlərinin başçılıq etdiyi hökumətlərarası komissiyanın ilk iclasını keçirməyə çalışacağıq. İş dünyasını bura cəlb etməyə çalışacağıq. Artıq bəzi hazır və imzalanması zəruri olan razılaşmalar var. Mərakeşdə seçkilər keçirilib, ona görə də yeni kabinetin formalaşması üçün bir qədər gözləmək lazımdır. Qarşılıqlı səfərlərin tez baş tutmasına çalışacağıq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi