Bu il Bakıda Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək.
“Report” xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Azərbaycanın media nümayəndələri ilə görüşü zamanı bildirib.
"Mən Azərbaycanda unikal qardaşlıq və dostluq mühitini tam hiss etdim. Gəncə və Ağdama səfər etmək və Azərbaycanın müasir tarixi ilə tanış olmaq nəsib oldu", - deyə bu yaxınlarda Bakıda diplomatik fəaliyyətə başlayan səfir bildirib.
Onun fikrincə, Belarus və Azərbaycan iki ölkəni birləşdirən oxşar xüsusiyyətlərə malikdir. "Biz müxtəlif sivilizasiyaların kəsişməsində yerləşirik, buna görə də multikulturalıq. Biz əcdadlarımızı, ailə dəyərlərini, azadlığı və ərazi bütövlüyünü qiymətləndiririk", - səfir bildirib.
Pineviç həmçinin Azərbaycanı ərazi bütövlüyünün tam bərpası münasibətilə təbrik edib və Belarus tərəfinin bu məsələyə xüsusi münasibətini qeyd edib. Səfir Qarabağda bərpa işlərinin sürətinin onda heyranlıq doğurduğunu vurğulayıb.
"Məni xüsusilə kəndlərdə dağıntıların miqyası sarsıtdı. Biz minatəmizləmə işlərinin aparıldığı məhsuldar torpaqlar gördük. Bunu müşahidə edərkən istər-istəməz problemin miqyasını dərk edirsən. Lakin Azərbaycan öz infrastrukturunu yenidən qurur və işlərin tempi valehedicidir", - o söyləyib.
Pineviç həmçinin beynəlxalq gündəmə toxunaraq, daimi geosiyasi turbulentlik şəraitində Azərbaycan və Belarusun həm ticarət, həm də regional təhlükəsizlik sahəsində əməkdaşlığı davamlı olaraq genişləndirdiyini əlavə edib.
"Biz Azərbaycanın sənaye sahələrində getdikcə daha çox əməkdaşlıq qururuq. Bu, həmçinin kadr mübadiləsi və hazırlığını, birgə təhsil proqramlarını da nəzərdə tutur", - Pineviç diqqət çəkib.
Diplomat qeyd edib ki, Belarus və Azərbaycan arasında ikitərəfli müqavilə-hüquqi baza bütün sahələrdə 120-dən çox sənədi əhatə edir:
"Bu əməkdaşlıq 2025-ci ilin əvvəlindən daha da aktivləşib".