Beynəlxalq ictimaiyyət Azərbaycanın mina problemini həll etmək səylərinə kifayət qədər dəstək vermir.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Leyden Universiteti və Niderlandın “Mine Mark Foundation” qeyri-hökumət təşkilatının birgə təşkil etdiyi mina problemlərinə dair beynəlxalq konfransda deyib.
Səfir təqdimat zamanı universitet tələbələrinə və Haaqada akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinə Azərbaycanda minatəmizləmə sahəsində ANAMA və Azərbaycan QHT-lərinin fəaliyyəti, bu sahədə əsas çağırışlar və nailiyyətlər, rəsmi Bakının beynəlxalq aləmdə, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində bu qlobal problemin həlli istiqamətində əməkdaşlığın intensivləşdirilməsi istiqamətində səy və təşəbbüsləri barədə məlumat verib.
R.Mustafayev qeyd edib ki, Azərbaycan bu ilin noyabrında Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində minaların ekologiya və ətraf mühitə mənfi təsiri probleminə həsr olunmuş ayrıca tədbir keçirməyi planlaşdırır.