Səfir: "Azərbaycan və Estoniya arasında ticarət dövriyyəsini artırmaq üçün real imkan var"

Səfir: "Azərbaycan və Estoniya arasında ticarət dövriyyəsini artırmaq üçün real imkan var" "Bakıda səfirlik açılması barədə düşünürük"
Xarici siyasət
10 Yanvar , 2017 10:29
Səfir: Azərbaycan və Estoniya arasında ticarət dövriyyəsini artırmaq üçün real imkan var

Bakı. 10 yanvar. REPORT.AZ/ "Azərbaycan və Estoniya arasında əlaqələr yaxşı səviyyədədir. Hesab edirəm ki, bu əlaqələri ciddi və əsaslı adlandıra bilərik".

Bunu "Report"a müsahibəsində Estoniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Marin Mıttus deyib.

Xanım diplomat ölkələr arasında ikitərəfli münasibətlərin 1991-ci ildə, ölkələrin müstəqilliyini bərpa etdiyi zaman qurulduğunu qeyd edib: "Ancaq əlaqələrimiz elə də intensiv olmayıb, xüsusilə də iqtisadiyyat sahəsində. Bu mənada hələ görüləsi çox iş var".

Səfir elektron xidmətlər göstərilməsi sahəsində ölkələr arasında yaxşı münasibətlərin olduğunu vurğulayıb: "Mütəxəssislərimiz artıq elektron xidmətlərin yaradılmasında burada çalışıb. Daha əvvəllər barəsində oxuduğum "ASAN xidmət" barədə məlumat almaq imkanı əldə etmişəm. Hesab edirəm ki, bu sahədə təcrübə mübadiləsi üçün qarşılıqlı maraq var".

M.Mıttus, həmçinin Estoniyanın "Şimal-Cənub" dəmir yolu layihəsi həyata keçirilməsində maraqlı olduğunu qeyd edib: "Ölkənizin coğrafi mövqeyi sizi bu nəqliyyat dəhlizində vacib mərkəz edir. İranın beynəlxalq ticarət üçün açılmasından sonra fikrimcə, bu layihə bizim şirkətlər, xüsusilə də Çin ilə işləyənlər üçün də maraqlı olacaq".

Ölkələr arasındakı ticarət dövriyyəsinin səviyyəsi haqqında danışan M.Mıttus 2016-cı ilin yekun nəticələrinin hələ aparılmadığını, 2015-ci ildə isə dövriyyənin cəmi 5 milyon avro təşkil etdiyini bildirib: "Amma bu rəqəmləri artırmaq üçün real imkanımız var".

Estoniyanın Azərbaycandakı nümayəndəliyinin statusunun səfirlik səviyyəsinə qədər artırılmasının mümkünlüyü barədə sualı cavablandıran M.Mıttus bu barədə düşündüklərinin söyləyib: "Biz kiçik ölkəyik və hər şey maliyyədən asılıdır. Amma Tallində Azərbaycan səfirliyinin fəaliyyət göstərməsindən məmnunuq. Səfirinizin işindən məmnunuq".

Qeyd edək ki, M.Mıttus yanvarın 9-da etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edərək Estoniyanın iqamətgahı Ankarada olan Azərbaycan səfiri kimi akkreditə olunub. Xanım diplomatın Estoniya Xarici İşlər Nazirliyində 19 illik iş təcrübəsi var. Buna qədər o, Estoniyanın Madrid, Təl-Əviv və Lissabondakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.

Son xəbərlər

Orphus sistemi