Yuxarı

Səfir: "Azərbaycan və Belçika arasında iqtisadi əlaqələr yaxşı səviyyədədir və inkişaf potensialına malikdir" - MÜSAHİBƏ

Bakı bu regionda Brüssel kimi mühüm ölkələrin liderlərinin görüşəcəyi yer rolunu oynaya bilər

Bakı. 1 sentyabr. REPORT.AZ/ Belçikanın Azərbaycana yeni təyin olunmuş səfiri Bert Skufsun "Report" agentliyinə müsahibəsi:

- Özünüz haqqında ətraflı məlumat verərdiz.

- 49 yaşım var. Belçikada Leuven Universitetində hüquq və dövlət idarəçiliyi üzrə təhsil almışam. Azərbaycana təyinat alana qədər Brüssel, Moskva, Nyu Dehli, Belqrad və Vyanada fəaliyyət göstərmişəm.

- Belçika və Azərbaycan arasında ikitərəfli əlaqələri necə qiymətləndirirsiniz? Əməkdaşlığın hansı sahələri daha fəaldır?

- İkitərəfli əlaqələr əla səviyyədədir. Belçika xarici işlər naziri Didye Reynders 2015-ci ilin aprel ayında Azərbaycana rəsmi səfər edib və o, müntəzəm olaraq beynəlxalq sammitlər çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşür. 2016-cı ilin aprel ayında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov siyasi məsləhətləşmələr üçün Brüsselə səfər edib.

Ölkələr arasında ilk baxışdan göründüyündən daha çox ortaq cəhət var, əsasən də coğrafi baxımdan. Azərbaycan regionun üç əsas oyunçusunun - Rusiya, İran və Türkiyənin arasında yerləşibsə, Belçika Avropanın üç mühüm ölkəsi - Almaniya, Fransa və Böyük Britaniya arasında yerləşir. Təəccüblü deyil ki, NATO və Aİ-nin mənzil-qərargahları Brüsseldə yerləşir. İran, Rusiya və Azərbaycan prezidentləri arasında bir müddət əvvəl keçirilmiş üçtərəfli görüş göstərir ki, Brüssel kimi Bakı da öz regionunda mühüm ölkələrin liderlərinin görüşəcəyi yer rolunu oynaya bilər.

- İqtisadi əlaqələr barədə nə deyə bilərsiniz?

- Azərbaycan və Belçika arasında iqtisadi əlaqələr yaxşı səviyyədədir və inkişaf potensialına malikdir. Belçika şirkətləri Azərbaycanda, əlbəttə, neft və qaz sahəsində, eyni zamanda tikinti və logistika sahələrində də fəaliyyət göstərir. Amma Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi məqsədilə, həmçinin Belçika şirkətlərinin dünyada tanındığı sahələri aktivləşdirmək olar. Bu baxımdan, logistika, limanların idarə olunması, səhiyyə, əczaçılıq, tullantıların və su resurslarının idarə olunması, kənd təsərrüfatı sferasında innovasiya və texnologiya sahələrini qeyd etmək istərdim.

- Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkənizin mövqeyi nədən ibarətdir?

- Belçikanın mövqeyi aydındır və 2015-ci ilin aprel ayında Bakıya rəsmi səfəri zamanı xarici işlər naziri Reynders tərəfindən açıqlanıb.

İlk növbədə, Belçika beynəlxalq hüquqa hörmət tələb edir. BMT-nin qətnamələri var və bu sənədlər beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünə hörmət edilməli və dəstək verilməli olduğunu göstərir.

İkincisi, Belçika münaqişənin hərbi yolla həllinin mümkün olmadığına əmindir. Qərarlar yalnız dialoq yolu ilə qəbul edilməlidir. Buna görə də Belçika ATƏT-in Minsk qrupunu və onun razılıq əldə edilməsi yolundakı səylərini tam dəstəkləyir.

Belçika XİN başçısı 2015-ci ildə Bakıya səfərində həm də son iki onillik ərzində Azərbaycanda mövcud olan qaçqın və məcburi köçkünlərin problemini açıq şəkildə vurğulamışdı. Bəzən belə münaqişələrin əsas qurbanlarının sizin və mənim kimi mülki vətəndaşlar olduğunu unuduruq.

- Belçika bu il və keçən il çox sayda terror hücumları ilə üz-üzə qaldı. Belçika və Azərbaycan terrorizmə qarşı mübarizədə necə əməkdaşlıq edə bilər?

- Brüssel hava limanına və "Malbek" metro stansiyasına terror hücumlarının edildiyi 22 mart 2016-cı il, eləcə də Brüsseldə yəhudi muzeyinə hücum edildiyi 24 may 2014-cü il mənim ölkəmin tarixində qara günlərdir. Fürsətdən istifadə edərək belə çətin anda səmimi başsağlığı verdiyinə görə, Azərbaycana və onun xalqına təşəkkür etmək istəyirəm.

Hazırda dünyanın böyük hissəsi terrordan əziyyət çəkir. Bura təkcə Avropa yox, həm də Yaxın və Uzaq Şərq regionları da daxildir. Buna görə də terrorizmə qarşı mübarizə qlobal problemdir. Belçika və Azərbaycan bu baxımdan informasiya mübadiləsi məsələsində daha yaxşı əməkdaşlıq edə bilər.

- Belçikanın zəngin mətbəxi və dadlı şokoladları var. Belçika mədəniyyətinə dair hansısa tədbirlərin təşkili üzrə planlarınız və ya Bakıda Belçika mağazası açmaq fikriniz var?

- Qarşıdakı aylarda Belçika Avropa miqyasında mühüm tədbirlərdə - oktyabrın 1-də Bakıda keçiriləcək "Eurovillage" layihəsində və noyabrda Avropa Film Festivalında iştirak edəcək. "Eurovillage" zamanı Belçika mətbəxindən nümunələr təqdim olunacaq. Yeri gəlmişkən, qeyd edim ki, Bakıda Belçika şokoladı tapa bilərsiniz. Sadəcə, internetdə axtarış edin.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi