Şarl Mişel: Avropa öz iqtisadiyyatını daha da gücləndirməlidir
- 13 mart, 2025
- 12:58
Avropa öz iqtisadiyyatını daha da gücləndirməlidir.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişel XII Qlobal Bakı Forumunda deyib.
Onun sözlərinə görə, ticarət müharibəsi Ağ Evdə başlayan hadisənin nəticəsi ola bilər:
“Avropalılar heç vaxt görülmədiyi qədər özlərinə inamlı olmalı və addımlarını bu əsasda atmalıdırlar. Təsisat inkişafına daha çox sərmayə yatırlmalı, iqtisadiyyat daha da gücləndirilməlidir. Biz əl-ələ verib Ümumdünya Ticarət Təşkilatı ilə işləməliyik. Çünki bu yolla effektiv qərarlar qəbul etmək mümkün olar”.
Aİ Şurasının sabiq prezidenti qeyd edib ki, ABŞ Avropanın təhlükəsizliyində mühüm rol oynayır:
“Avropa İttifaqı üçün təhlükəsizlik ABŞ-nin NATO-ya etdiyi böyük investisiyalar sayəsində mümkün olub”.
O, daha sonra Aİ-nin tarixindən söz açaraq vurğulayıb ki, Brüssel əlaqələrin qurulmasına həmişə ciddi önəm verib:
“Biz bir yolla gediriksə, orada maraqlar olduğunu bilməliyik və nəzərə almalıyıq ki, o maraqlardan geri dönüş yoxdur. Avropadakı sənaye imkanları tərəfdaşların səlahiyyətinə verilməlidir. Biz Avropa olaraq yekdil olmalıyıq”.
Ş.Mişel bildirib ki, Avropa ölkələri ittifaq ölkələrindən kənarda da güclü əlaqələr qurmalıdırlar:
“Afrika, Latın Amerikası, Asiya ilə əlaqələri genişləndirmək lazımdır. Bu həm iqtisadiyyata, həm də təhlükəsizliyə töhfə verər. Regional təşkilatların rolu gələcəkdə daha da artacaq, biz onlarla da əlaqəni sıxlaşdırmalıyıq”.