Haaqada bir sıra rusiyalı vəzifəli şəxslərin həbsinə "kvazi-orderlər"in verilməsi fonunda İrəvanın Roma Statutunda iştirakı Rusiya-Ermənistan münasibətlərinə birbaşa zərər vurur.
“Report” xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Maria Zaxarova dekabrın 4-də keçirdiyi brifinqdə “NEWS.ru”nun sualını cavablandırarkən deyib.
"Əgər Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə əməkdaşlığı həqiqətən də hər hansı beynəlxalq hüquq normasının və ya hüquqi normaların gücləndirilməsinə kömək edə bilsəydi, bəlkə də bunu alqışlamaq olardı. Lakin bu saxta məhkəmənin iki onillik iş təcrübəsi bunun əksini göstərir”, - o bildirib.
M.Zaxarova vurğulayıb ki, İrəvan bu məsələdə Moskvanın mövqeyini yaxşı bilir.
Zaxarovanın sözlərinə görə, BCM məşğul olmağa çalışdığı heç bir münaqişəni həll edə bilməyib:
"Eyni zamanda, onun xidmət siyahısında beynəlxalq hüququn, ədalət mühakiməsinin əsas standartlarının və sadəcə sağlam düşüncənin birbaşa pozuntularının sayı-hesabı yoxdur. Dəstək və əməkdaşlığa hazırlıq barədə bəyanatlar sadəcə bu qondarma məhkəməni yeni avantüralara həvəsləndirir".
Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiyanın BCM-ə münasibətdə mövqeyi çoxdan müəyyənləşib:
“Qurum səmərəli fəaliyyət göstərə bilmir, düzgün təşkil olunmayıb, bəyan edilmiş funksiyaları yerinə yetirmir və iddia etdiyi vəzifələri həll etmək səlahiyyətinə malik deyil”.
"Bizim çoxillik proqnozumuz özünü doğruldub. Bütün bu illər ərzində bu qurumun (BCM) hər hansı böhranların həllində, onların aradan qaldırılmasında heç bir müsbət iştirakı olmayıb” - o əlavə edib.