Rusiyada Azərbaycanla münasibətlərdə böhran yaratmaq istəyən qrup və dairələr var - RƏY

Xarici siyasət
  • 01 iyul, 2025
  • 22:59
Rusiyada Azərbaycanla münasibətlərdə böhran yaratmaq istəyən qrup və dairələr var - RƏY

Azərbaycan qanunvericiliyini pozmuş, fəaliyyəti rəsmi olaraq dayandırılmış media mərkəzi əməkdaşlarının (“Sputnik Azərbaycan”, - red.) kəşfiyyat xarakterli fəaliyyətinin, eləcə də ölkə ərazilərini tranzit olaraq narkotik vasitələrin qanunsuz daşınması kimi istifadə edən rus şəbəkəsinin ifşa edilməsinə qarşılıq olaraq Rusiya qisas mövqeyi nümayiş etdirir.

Bu fikirləri “Report”a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

O bildirib ki, bu qisas Rusiya cəmiyyətində kifayət qədər nüfuzu olan azərbaycanlı şəxslərə qarşı həyata keçirilir:

“Bu, əslində Rusiyanın bir dövlət olaraq davranışının nümayişidir. Rusiya böhran və gərginlik ərəfəsində həll yolları axtarmaq, təşəbbüslər irəli sürmək əvəzinə əzələ nümayişi və qisasçılığa əl atır”.

Y.Hacıyevanın sözlərinə görə, Azərbaycan diasporunun Uraldakı rəhbəri Şahin Şıxlinskinin saxlanılmasını birmənalı olaraq qisasçılıq aspektindən dəyərləndirmək lazımdır:

“Şahin Şıxlinski ümumilikdə xeyriyyəçi insan reputasiyasına malikdir. O, bu xeyriyyəçilik missiyası ilə sistemli olaraq məşğul olur, amma görürük ki, o Rusiyanın hazırkı siyasətinin qurbanı olur”.

Politoloq son iki gündə baş verən prosesləri də dəyərləndirib:

“Son iki günün proseslərindən belə qənaətə gəlmək olar ki, Rusiya hakimiyyəti daxilində hansısa bir qrup və dairələr var ki, onlar Azərbaycanla münasibətlərin daha da böhran vəziyyəti almasında son dərəcə maraqlıdırlar”.

44 filmi