Moskva. 20 fevral. REPORT.AZ/ Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycana səfəri bu ilin birinci yarısına planlaşdırılır.
Bunu "Report"un Moskva müxbirinə açıqlamasında Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov bildirib.
"Hazırda qarşıdakı tədbirlərin və səfərlərin planını hazırlayırıq. Buradan irəli gələrək deyə bilərəm ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycana səfəri planlaşdırılır. Səfər bu ilin ilk yarısında baş tutacaq, amma hələlik dəqiq tarix məlum deyil. Bakıdan rəsmi dəvət artıq qəbul edilib və hazırda Vyaçeslav Volodinin qrafiki dəqiqləşdirilir", - deyə L.Kalaşnikov vurğulayıb.
Dövlət Dumasının komitə sədri əsasən iqtisadi məsələlərin, eləcə də MDB və digər beynəlxalq təşkilatlar məkanında əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyini əlavə edib.