“30 il ərzində Azərbaycan ərazilərinin işğalına, 1 milyona yaxın qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasına, son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına maneçilik törədilməsinə göz yuman BMT xüsusi məruzəçilərinin və ekspertlərinin Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar verməsi narahatlıq doğurur”.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil eksperti tərəfindən “Laçın yolu” ətrafında vəziyyətlə bağlı yayılmış bəyanata dair şərhində bildirilib.
Vurğulanıb ki, sözügedən şəxslərin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyərək bəyanatda “Dağlıq Qarabağ” kimi ifadələr işlətməsi, ölkəmizin daxili işlərinə qarışması və ikili yanaşmalar tətbiq etməsi qəbuledilməzdir:
“Bir daha xatırlatmaq istərdik ki, Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmamaqla yanaşı, Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirib, silah-sursatla təchiz edib, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə məşğul olub. Bütün bunlar BMT və digər beynəlxalq təşkilatlar tərəfindən susqunluqla qarşılanıb”, - bəyanatda qeyd edilib.