“3+3” platforması Cənubi Qafqazda davamlı sülhün bərqərar olması ilə yanaşı, Azərbaycanla Ermənistan arasında hələ də bağlı qalan regional kommunikasiyaların açılmasında mühüm rol oynaya bilər.
Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının efirində deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı üçün uzun müddətdir ki, regional layihələrdən kənarda qalıb və sözügedən platforma onun Cənubi Qafqazda nəqliyyat təşəbbüslərində iştirakına töhfə verə bilər.
“Ermənistan uzun müddətdir ki, regional layihələrdən kənarda qalıb və indi müəyyən dərəcədə bu layihələrdə iştirak etməyə çalışır. Lakin qeyd etmək lazımdır ki, onun səyləri hələ praktiki mərhələyə çatmayıb. “3+3” formatı Ermənistanın nəqliyyat və logistika layihələrində iştirak etməsinə imkan verir ki, bunların ardınca daha böyük təşəbbüslər də ola bilər. Söhbət elektrik enerjisi və digər enerji resurslarının tranzitindən, eləcə də ümumilikdə malların daşınmasından gedə bilər. Bu format həm də kommunikasiyanın qurulmasına kömək edə bilər ki, nəticə etibarilə bu, onun Orta Dəhlizin qollarından birinə çevrilməsinə imkan verəcək. Bununla da yeni layihələr üçün geniş imkanlar açılır. Bütün ölkələrin buna məsuliyyətlə yanaşması, öz imkanlarını və regional təhlükəsizlik və nəqliyyat təşəbbüslərinə töhfələrini obyektiv qiymətləndirməsi vacibdir”, - F.Hüseynəliyev bildirib.
“Report”un direktoru vurğulayıb ki, Ermənistanın regional proseslərdə tam şəkildə iştirakı üçün İrəvan Bakı ilə sülh sazişinin imzalanması istiqamətində real addımlar atmalıdır.
“Ermənistanın regional layihələrə tam cəlb olunması üçün ilk növbədə, Azərbaycanla sülh sazişi bağlanmalıdır. Danışıqlar prosesi artıq uzun müddətdir davam edir. Sözdə onlar (rəsmi İrəvan) elə bu gün sülh sazişi imzalamağa hazır olduqlarını bildirirlər. Ancaq real addım atmağa gəlincə, onlar Azərbaycan üçün prinsipial olan mühüm maddələrə məhəl qoymurlar. Azərbaycan artıq öz təkliflərini təqdim edib və real irəliləyişə nail olmaq üçün onların nəzərə alınması vacibdir. Çünki məhz Bakının təklifləri davamlı və ən əsası uzunmüddətli sülh üçün zəmin yaradır. Bundan başqa, Azərbaycanla sülh sazişinin imzalanması Ermənistana Türkiyə ilə münasibətləri normallaşdırmağa və bununla da müxtəlif regional layihələrin bir hissəsinə çevrilməyə imkan verəcək”, - o əlavə edib.
Qeyd edək ki, bu gün İstanbulda Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında növbəti görüş keçirilib.