Raniya əl-Məşat: Azərbaycanla Misir arasında əməkdaşlığın çox perspektivli istiqamətləri var
- 08 iyun, 2024
- 08:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan ilə Misir arasında əməkdaşlığın çox perspektivli istiqamətləri mövcuddur.
“Report”un Qahirəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Misirin beynəlxalq əməkdaşlıq naziri Raniya əl-Məşat bildirib.
“Prezident İlham Əliyevi Misirdə qəbul etməkdən çox məmnunuq. Misirlə Azərbaycanın çox güclü əlaqələri var. Ölkələr arasında əməkdaşlığın çox perspektivli sahələri var. Buraya infrastruktur, neft-qaz, İKT, həmçinin əczaçılıq sahələri daxildir”, - o vurğulayıb.
Onun sözlərinə görə, əməkdaşlığın digər mühüm aspekti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlıdır:
“COP29-a qədər bu sahələri daha ətraflı öyrənmək üçün Misir və Azərbaycan arasında birgə komitə yaradılacaq. Misir iki il əvvəl COP27-yə ev sahibliyi edib və iqlim dəyişikliyi ilə mübarizə üçün beynəlxalq maliyyənin səfərbər edilməsi daxil olmaqla bununla bağlı bir çox əməkdaşlıq sahələri var. Buna görə də biz bu səfərin nəticələrini və xüsusən də qeyd etdiyim sektorlarda əməkdaşlığın artırılmasını səbirsizliklə gözləyirik”.
Raniya əl-Məşat xatırladıb ki, Misirin COP27-yə sədrliyi zamanı bir çox sahələr araşdırılıb, o cümlədən Təzminat Fondunun yaradılması ilə bağlı müzakirələr aparılıb: “Biz COP29-da fəal iştirak etməyi səbirsizliklə gözləyirik və Azərbaycan xalqını iqlim konfransına ev sahibliyi edəcəyi münasibətilə təbrik edirik”.