Bakı. 9 iyun. REPORT.AZ/ Aktobada terror aktı qurbanların xatirəsinə matəm əlaməti olaraq, Qazaxıstanın Azərbaycandakı səfirliyində milli bayraq endirilib.
Qazaxıstan səfirliyindən "Report"a bildiriblər ki, matəmlə əlaqədar səfirlikdə saat 17:00-a qədər xatirə kitabı açılacaq.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Aktobada terror aktı nəticəsində insan tələfatının olması ilə əlaqədar iyunun 9-u respublikada milli matəm günü elan olunması haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, iyunun 5-də cinayətkar qrup Aktobada Milli Qvardiyanın silah mağazaları və hərbi hissəsinə silahlı hücum edib, nəticədə 3 hərbçi olmaqla 7 nəfər həlak olub. Ölkənin Səhiyyə və Sosial İnkişaf Nazirliklərinin məlumatına görə, 38 nəfər xəstəxanalara yerləşdirilib. DİN-in son məlumatına görə, antiterror əməliyyatları zaman 13 cinayətkar öldürülüb, dörd nəfər yaralanıb, 6 nəfər axtarışdadır.