Bakı. 21 fevral. REPORT.AZ/ “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Qazaxıstanda keçirilməsi nəzərdə tutulan geniş miqyaslı tədbirlər silsiləsindən birincisi artıq reallaşdırılıb. Azərbaycanın bu ölkədəki səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan konsert proqramı təşkil edilib.
Azərbaycanın Qazaxıstandakı səfirliyindən "Report"a görə, mərasim paytaxt Astananın ən böyük ticarət və əyləncə mərkəzlərindən biri, dünyanın nadir arxitektura nümunələrindən hesab olunan və gündəlik 40 minədək insanın ziyarət etdiyi “Xan Şatır”ın açıq səhnəsində keçirilib.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov çıxış edərək bildirib ki, o dövrün mürəkkəb beynəlxalq hərbi-siyasi vəziyyətinə, böyük çətinliklərə baxmayaraq, öz canları və qanları hesabına azadlıq mübarizəsi aparan qəhrəmanlarımız şərəflə, ləyaqətlə yürütdükləri bu mücadilə ilə bugünkü müstəqilliyimizin toxumlarını səpiblər. Ona görə də, bu tarix təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün önəmli hadisədir. Bunu nəzərə alaraq, 2018-ci ildə Cümhuriyyətin yubiley tədbirləri Azərbaycanda olduğu kimi, qardaş Qazaxıstanda da geniş miqyasda qeyd olunacaq. Səfir vurğulayıb ki, Astanada keçirilən konsertin bu sıra da ilk tədbirdir.
Eyni zamanda, diplomat bu il Astananın paytaxt elan olunmasının 20 illiyinin qeyd edildiyini, tamaşaçıları təbrik edərək, konsertin qardaş qazax xalqına həmdə bayram hədiyyəsi sayıla biləcəyini deyib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva müsəlman şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində həm Azərbaycan xalqının, həm də digər türk etnoslarının suverenlik və müstəqillik ideyalarının möhkəmlənməsində silinməz iz buraxdığını qeyd edib. O bildirib ki, cümhuriyyət, onun qəbul etdiyi qərarlar, onun simvolları bizim azadlıq istəyimizi düşüncələrimizdə, qəlbimizdə yaşadıb və uzun illərdən sonra yenidən milli istiqlalımıza qovuşmağımızda misilsiz rol oynayıb.
Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın türk dünyasında inteqrasiyanın dərinləşməsi və möhkəmlənməsi naminə əməkdaşlıq üçün hər kəsə açıq olduğunu, türk irsi və mədəniyyətinin dünya arenasında tanıdılmasında fəaliyyətini genişləndirdiyini vurğulayıb. Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir. Bu hadisə təkcə dövlət quruculuğunu əks etdirmir, həm də Şərqdə ilk demokratik dövlətin məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamında da milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi vurğulanır.
Günay Əfəndiyeva bildirib ki, bu tədbirin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucularından biri kimi Qazaxıstanda təşkil olunması isə qardaş ölkənin bizim ortaq dəyərlərimizə, dövlətçilik ənənələrimizə ehtiramını ifadə edir. O, belə vacib tədbirə ev sahibliyi etdiyi üçün Qazaxıstan tərəfinə minnətdarlığını ifadə edib.
Sonra çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali böyük Məmməd Əmin Rəsulzadənin – “Bir kərə yüksələn bayraq, bir daha enməz” fikrini xatırladaraq, o zamanın ən ağır şərtlərində azadlıq mücadiləsi vermiş böyük dövlət xadimlərimizin misilsiz tarixi missiyanın öhdəsindən ləyaqətlə gəldiklərini qeyd edib. İnanılmaz məşəqqətlərə sinə gərən bu liderlərin böyük əksəriyyəti sonra mühacirətdə, sürgündə belə öz yollarından dönməyib, son nəfəslərinədək dövlətçiliyimizin, özümüzün və övladlarımızın gələcəyi üçün mübarizə aparıblar.
Akademiya rəhbəri bildirib ki, yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan Respublikasının 1918-ci ildə qurulan Cümhuriyyətin varisi olması, ötən ilin sonunda Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan etməsi azərbaycanlıların öz dövlətçilik tarixinə verdiyi böyük dəyərin göstəricisidir.
Çıxışlardan sonra mərasim iştirakçılarına Azərbaycanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafovun pianoda mükəmməl ifaları təqdim olunub.
Qeyd edək ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində ölkəmizin Qazaxıstandakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə genişmiqyaslı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.