Qazaxıstan prezidenti: "Azərbaycan və Qazaxıstan 1 milyard həcmində əmtəə dövriyyəsinə nail ola bilər"

Qazaxıstan prezidenti: "Azərbaycan və Qazaxıstan 1 milyard həcmində əmtəə dövriyyəsinə nail ola bilər" "Təkcə Azərbaycandan Aktauya gətirilən tərəvəz məhsulları artıq bütün Qazaxıstana yayılır və bu həcm bir il ərzində 12 dəfə artıb"
Xarici siyasət
3 Aprel , 2017 20:45
Qazaxıstan prezidenti: Azərbaycan və Qazaxıstan 1 milyard həcmində əmtəə dövriyyəsinə nail ola bilər

Bakı. 3 aprel. REPORT.AZ/ "Qazaxıstanda böyük şəkər qıtlığı var. Biz onu alırıq, amma Azərbaycandan da ala bilərik. Yaxud, Azərbaycan, məsələn, siqaretləri 250 milyona alır. Biz bunun yarısını verə bilərik və sair. Əgər bu malların siyahısına nəzər yetirsək, biz əmtəə dövriyyəsini kəskin artıra bilərik."

"Report" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Bakıda mətbuata bəyanatla çıxış edərkən bildirib.

O deyib: "Siz 2020-ci ilədək əmtəə dövriyyəsini 500 milyon dollara qədər artırmağı qarşıya vəzifə qoymusunuz. Amma mən dünən eşidəndə ki, bizim təkcə nəqliyyat nazirliklərimiz 500 milyonluq müqavilə imzalayıblar, onda deyə bilərik ki, biz 1 milyard həcmində əmtəə dövriyyəsinə nail ola bilərik.

Sənaye siyasəti hesabına biz müasir paravozlar, teplovozlar, dəmir yollarının yuxarı hissələrinin, istiqamətləndirici tənzimləyicilərinin və sairlərinin inşasını aparmışıq. Bütün bunlar Azərbaycan üçün zəruridir, biz bunları tədarük edəcəyik - metal məhsullar, mis, polad və sair. Təkcə Azərbaycandan Aktauya gətirilən tərəvəz məhsulları artıq bütün Qazaxıstana yayılır və bu həcm bir il ərzində 12 dəfə artıb. Bu, ölkələrimiz arasındakı nəhəng imkanlardan xəbər verir, yəni, ticarət, bax, budur."

N.Nazarbayev bildirib ki, ticarətdən sonra ikinci yerdə energetika gəlir: "Biz vaxtilə Bakı-Tbilisi-Ceyhan boru kəmərini dəstəkləmişik, gələcəkdə belə perspektiv var ki, Qazaxıstan nefti bu magistral ilə də Türkiyəyə, Avropaya və daha uzaqlara gedəcək. Biz bu məsələni də müzakirə etdik. Azərbaycan tərəfinin Bakıda inşa etdiyi xüsusi logistika mərkəzi, Bakıda və Aktaudakı taxıl terminallarımız ölkələrimiz arasında müvafiq məhsulu saxlamağa və boşaltmağa imkan verir. Yəni, nəqliyyat, energetika, kənd təsərrüfatı məhsulları ilə ticarət ölkələrimiz arasında əmtəə dövriyyəsinin əsas sahələridir."

Qazaxıstan prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub: "Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Qazaxıstan bizim səs verdiyimiz Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələrə, yəni, beynəlxalq münasibətlərin hamılıqla qəbul olunmuş normalarına əsaslanır. Ümumiyyətlə, Qazaxıstan Azərbaycanla olduğu kimi, Ermənistan və Gürcüstanla da mehriban münasibətlər saxlayır. Biz istərdik ki, burada sülh olsun və məsələ sülh yolu ilə həll edilsin. Biz bu yolda əlimizdən gələni edirik, necə deyərlər, hamıya məsələnin sülh yolu ilə həll olunmasını təklif edirik. Yeri gəlmişkən, bu, həm Ermənistan, həm də Azərbaycan xalqlarının, eləcə də, bizim hamımızın maraqlarına cavab verir. Hamımız bir yerdə yaşayırıq. Biz ticarət etməli, yaşamalı və inkişaf etməliyik."

Son xəbərlər

Orphus sistemi