"Qarabağda aşkarlanan minalar Ermənistanın terrorçu simasını bir daha göstərdi".
Bunu "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra qondarma rejimin bu ərazilərdə basdırdığı əlavə minalar üzə çıxarılıb: "Ordumuzun apardığı tədbirlər nəticəsində 480 km-dən artıq təmas xətti boyunca yerləşdirilən yarım milyondan artıq mina, partlamamış hərbi sursatlar aşkarlanıb. Eləcə də Xankəndidə müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğuları aşkarlanıb. İnzibati binalara baxış keçirilən zaman bunların qanunsuz hərbi birləşmələr tərəfindən yerləşdirildiyi üzə çıxıb. Bütün bu silah və minalar Ermənistanda istehsal olunub. Bu isə Ermənistanın 10 noyabr sazişindən sonra da bölgədə terrorçuları silahlandırmasının və qondarma rejimlə birgə Azərbaycan hərbçilərinə, mülki əhaliyə qarşı terror siyasətini davam etdirməsinin göstəricisidir".
Milli Məclisin üzvü qeyd edib ki, Azərbaycanın sentyabrın 19-da həyata keçirdiyi lokal antiterror tədbirlərinə də məhz Ermənistanın Qarabağdakı qanunsuz silahlı birləşmələri və qondarma rejimin terrorçu qruplarının törətdiyi mina təxribatları səbəb oldu: "Antiterror tədbirlərindən sonra Qarabağda aşkar olunmuş əsaslı materiallar sübut edir ki, Ermənistan və qondarma rejim son üç ildə Azərbaycanda 310-dan çox insanın ölümünə bais olub. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı terrorçu simasını bir daha nümayiş etdirir. Buna görə Ermənistan beynəlxalq səviyyədə məsuliyyətə cəlb olunmalı, bu qanlı hadisələrin günahkarı kimi cəzalandırılmalıdır".
A.Hüseynov bildirib ki, üç ilə yaxındır aparılan minatəmizləmə tədbirlərinə baxmayaraq, ərazinin hədsiz dərəcədə mina ilə çirklənməsi yenidənqurma və bərpa işlərinə mane olur: "Ona görə də Ermənistan hökuməti bölgədə humanitar məsələlərdə ayrı-seçkiliyə yol verilmədən, beynəlxalq hüququn prinsipinə uyğun olaraq, minalanmış ərazilərin xəritələrini Azərbaycana və beynəlxalq donor icmasına təqdim etməli, humanitar minalardan təmizləmə işlərində təxribatçı, antihumanist mövqeyindən əl çəkməlidir".