Meksikanın aparıcı mətbu orqanlarından olan “Reforma” və “Excelsior” qəzetlərində səfir Məmməd Talıbovla müsahibələr əsasında işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın apardığı minatəmizləmə və yenidənqurma işləri barədə yazılar dərc olunub.
Bu barədə “Report”a Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən məlumat verilib.
“Müharibədən sonra Azərbaycan məcburi köçkünlərin geri qaytarılmasını hədəfləyir” və “Yenidənqurma planı həyata keçirilir” başlıqlı yazılarda ilk olaraq, 44 günlük müharibənin yekununda Azərbaycanın öz ərazilərinin böyük hissəsini azad etdiyi, ötən ilin noyabrında tərəflər arasında əldə edilmiş atəşkəs razılaşmasına uyğun olaraq Ermənistanın öz silahlı qüvvələrini işğalda saxladığı digər ərazilərdən çıxartdığı, regionda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi, eləcə də müvafiq nəqliyyat dəhlizlərinin təsis edilməsinin nəzərdə tutulduğu məlumat verilir.
M.Talıbovun sözlərinə istinadən, azad edilmiş şəhər və qəsəbələrin tamamilə dağıdılmış vəziyyətdə olduğu, Ermənistan burada olduqca geniş əraziləri xeyli vaxt ərzində minaladığı və bu minaların yerləşmə xəritəsini verməkdən imtina etdiyi bildirilir.
Qeyd olunur ki, hazırkı mərhələdə Azərbaycanın əsas prioritetləri azad edilmiş ərazilərin minalardan təmizlənməsi, burada yaşayış infrastrukturunun yenidən qurulması, ardınca 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərin qayıtmasının təşkil edilməsidir və adıçəkilən istiqamətlərdə Azərbaycan hökuməti tərəfindən artıq geniş miqyaslı işlərə start verilib.
Yazıda, həmçinin təmsilçimizə istinadən, münaqişəyə və Azərbaycan ərazilərinin işğalına son qoyulduğu, tərəflərin bundan sonra regionda davamlı sülhün möhkəmləndirilməsi və barışığın təmin edilməsi üzrə çalışmalı olduğu, bunun üçünsə Ermənistan rəhbərliyinin öz təcavüzkar siyasətinə birdəfəlik son qoymalı və öz xalqını sülhə hazırlamalı olduğu qeyd edilir.
Sonda Meksika ilə ikitərəfli əlaqələr konstekstində bu ölkənin hər zaman beynəlxalq hüquqa və dövlətlərin suverenliyi prinsipinə tərəfdar olduğu söylənilir.