Yuxarı

Azərbaycan Prezidentinin Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşü olub

Gələn ay Bakıda keçiriləcək “Cənub” qaz dəhlizinin nazirlər səviyyəsində birinci məşvərət şurasına dair məsələlər müzakirə edilib

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşü olub. “Report” “AzərTAc”a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Azərbaycanın Avropanın enerji təminatında artan rolunun önəmi vurğulanıb, bu sahədə “Cənub” qaz dəhlizinin əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı gələn ay Bakıda keçiriləcək “Cənub” qaz dəhlizinin nazirlər səviyyəsində birinci məşvərət şurasına dair məsələlər müzakirə edilib, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda həmçinin Rusiya Federasiyası “Sberbank”ının sədri German Qref ilə görüşüb.

Görüşdə “Sberbank”ın sədri Azərbaycanda gedən inkişaf proseslərinin maraqla izlənildiyini bildirdi, ölkəmizin müvafiq maliyyə və bank strukturları ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevrildiyini deyən G.Qref rəhbərlik etdiyi bankın Azərbaycanın müvafiq qurumları ilə bundan sonra da səmərəli əməkdaşlıq aparacağına ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycanda iqtisadi inkişaf proseslərindən danışıb, ölkəmizin bank, maliyyə, energetika sistemlərində mühüm islahatların, eləcə də investisiya sahəsində uğurlu siyasətin həyata keçirildiyini deyib. Dövlət başçısı Azərbaycanda investisiya qoyuluşu üçün əlverişli şəraitin yaradılmasının önəmini qeyd edərək Azərbaycanın da xarici ölkələrə fəal sərmayə yatırdığını vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın maliyyə qurumları ilə “Sberbank” arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Dövlət başçısı bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi