Prezidentin çıxışının əsas xətti Türk dünyası ilə Qafqaz və İslam aləminin əməkdaşlığıdır - RƏY

Xarici siyasət
  • 16 sentyabr, 2026
  • 16:42
Prezidentin çıxışının əsas xətti Türk dünyası ilə Qafqaz və İslam aləminin əməkdaşlığıdır - RƏY

Prezident İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarından ibarət nümayəndə heyəti ilə görüşdə səsləndirdiyi fikirlər xüsusi məna daşıyır.

Bunu "Report"a Milli Məclisin deputatı Elnarə Akimova deyib.

O qeyd edib ki, dövlət başçısının çıxışının mahiyyətində bir-birindən ayrılmaz üç əsas məqam dayanır - tarixi-mədəni yaddaşın qorunması, müsəlman və türk dünyasının həmrəyliyi, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra formalaşan yeni regional reallıqların sülh və əməkdaşlıq müstəvisində möhkəmləndirilməsi:

Elnarə Akimova
"Azərbaycan həm Türk dünyasının, həm Qafqazın, həm də İslam coğrafiyasının kəsişməsində yerləşir. Qədim Qafqaz Albaniyasının, Atabəylər dövlətinin və müxtəlif türk-müsəlman dövlətlərinin tarixi Azərbaycan ərazisində iz qoyması bu coğrafiyanın bir-birindən təcrid olunmuş məkanlar olmadığını göstərən mühüm tarixi faktlardır".

Deputat vurğulayıb ki, bu mənzərədə İslam həmrəyliyi ideyası xüsusi əhəmiyyət daşıyır.

E. Akimova prezidentin çıxışının başqa mühüm xəttinin Türk dünyası ilə Qafqazın və İslam aləminin qarşılıqlı əlaqələrinin qeyd etməsi olduğunu bildirib.

"Azərbaycan burada özünü yalnız coğrafi körpü kimi deyil, müxtəlif regional platformaları bir araya gətirən ölkə kimi təqdim edir. Türk dövlətlərinin dini liderlərinin toplantısı ilə Yəhya Bakuviyə həsr olunmuş konfransın eyni vaxtda keçirilməsi də bu mənada simvolik məna daşıyır: tarix və müasirlik, mədəniyyət və din, milli kimlik və beynəlxalq əməkdaşlıq eyni platformada görüşür".