Yuxarı

Prezidenti İlham Əliyev: "Azərbaycanda həyata keçirilən iqtisadi tədbirlər iqtisadiyyatın neftdən asılılığını azaldıb" - FOTO

Prezidenti İlham Əliyev: Son zamanlar Azərbaycanda həyata keçirilən iqtisadi tədbirlər ölkəmizdə iqtisadiyyatın neftdən asılılığını azaldıb

Bakı. 7 iyun. REPORT.AZ/ İyunun 7-də Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkellə görüşüb.

"Report" AzərTAC-a istinadən xəbər verir ki, Kansler Angela Merkel Prezident İlham Əliyevin Almaniyaya səfərlərinin və Azərbaycan dövlətinin başçısı ilə müxtəlif tədbirlərdə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Azərbaycanın mühüm coğrafi mövqedə yerləşdiyini deyən Federal Kansler dünyada gedən iqtisadi böhran və neftin qiymətinin kəskin düşməsi məsələlərinə toxunaraq Almaniya Hökumətinin bu böhranın aradan qaldırılması üçün Azərbaycan Hökumətinin həyata keçirdiyi iqtisadi islahatları, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində gördüyü tədbirləri alqışladığını bildirib.

Prezident İlham Əliyev son zamanlarda Azərbaycanda həyata keçirilən iqtisadi tədbirlərdən danışaraq ölkəmizdə iqtisadiyyatın neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, iqtisadi imkanların daha da artırılması və digər sahələrdə ciddi addımların atıldığını bildirib. Dövlətimizin başçısı ölkədə yoxsulluğun azaldılması, əhalinin rifahının yaxşılaşdırılması sahəsində həyata keçirilən işlərdən danışıb. Prezident İlham Əliyev səfər çərçivəsində Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunun əhəmiyyətini vurğulayaraq bu tədbirin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyini bildirib.

Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu qeyd edilib, “Cənub Qaz Dəhlizi”nin bu baxımdan regional əməkdaşlığa, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı iqtisadi əməkdaşlığının genişləndirilməsinə töhfə verdiyi bildirilib. Bundan başqa, görüşdə Azərbaycanda insan haqlarının təmin olunması, demokratikləşmə prosesinin inkişafı istiqamətində atılan müsbət addımlardan danışılıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər ətrafında geniş müzakirələr aparılıb. Prezident İlham Əliyev cəbhə xəttində baş verən son hadisələr və indiki vəziyyət barədə məlumat verdi, bu münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektivləri barədə danışıb. Hazırda ATƏT-ə sədrlik edən ölkə kimi Almaniyanın Minsk qrupu çərçivəsində münaqişənin nizamlanması prosesində rolu barədə fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi