“Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar, sözsüz ki, özəl investorlar, həmçinin dövlət qurumları üçün əməkdaşlığa geniş qapılar açır. Hazırda yeni nəqliyyat əlaqələri müzakirə mərhələsindədir və sözsüz ki, bizim Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız və elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edərkən deyib.
“Ümidvaram ki, qarşıdakı bir neçə ildə bu layihəni tamamlaya və hər iki tərəfi yeni elektrik enerjisi istehsalı ilə təmin edə biləcəyik. Həmçinin bizim bir neçə il əvvəl yüksək səviyyədə razılaşdırdığımız layihə - Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir. Beləliklə, bizim geniş gündəliyimiz var. Bundan əlavə, ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməlqoyma mərasimi keçiriləcək və bir çox digər məsələlər.
Bizim müzakirə edəcəyimiz çox məsələlər var. Mən, ilk növbədə, ikitərəfli əlaqələrimizi, onların səviyyəsini, inkişaf tempini, nailiyyətləri və yeni planları yüksək qiymətləndirdiyimi bildirmək istərdim. Əlbəttə ki, biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq. Bu, təbiidir, çünki dediyim kimi, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq. Sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var. Beləliklə, cənab Nazir, bir daha xoş gəlmisiniz”, - Prezident bildirib.