"Prezident İlham Əliyevin İtaliya səfəri iki ölkə arasındakı münasibətləri yeni müstəviyə qaldırıb" - RƏY

Xarici siyasət
  • 02 sentyabr, 2022
  • 08:34
Prezident İlham Əliyevin İtaliya səfəri iki ölkə arasındakı münasibətləri yeni müstəviyə qaldırıb - RƏY
İlham Əliyev və Sercio Mattarella

“Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə reallaşdırılıb və eyni zamanda Azərbaycanla İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində həyata keçirilir”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, heç şübhəsiz ki, hər bir səfər konkret məqsədlər və hədəflər daşıyır:

“Prezident İlham Əliyevin İtaliyaya budəfəki səfəri sayca yeddinci səfərdir. Bundan öncə 2020-ci ilin fevralın 19-21-də reallaşdırılan dövlət səfəri zamanı 28 sənəd imzalanıb və bu sənədlər arasında Azərbaycanla İtaliya arasında Çoxölçülü Strateji Tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsinə dair Birgə Bəyannamənin xüsusi əhəmiyyəti var. Həmin sənəd iki ölkə arasındakı münasibətlərin inkişafının yol xəritəsi hesab oluna bilər. Çünki sözügedən sənəddə həm siyasi dialoq, həm də ticari-iqtisadi münasibətlər, enerji, nəqliyyat-kommunikasiya, elm, təhsil, mədəniyyət, humanitar, müdafiə sahələrində əlaqələrin inkişafına dair xeyli məsələlər öz əksini tapıb. Cənab Prezidentin səfərinə bu nöqteyi-nəzərdən qiymət versək, həqiqətən də əsas hədəf qeyd olunan Birgə Bəyannamədən irəli gələn məsələlərin icrası ilə bağlı prosesdən, eyni zamanda qarşıda dayanan vəzifələr ətrafında müzakirələr aparmaqdan ibarətdir”.

O qeyd edib ki, İtaliya Azərbaycanın Avropa İttifaqı ölkələri arasında ən yaxın tərəfdaşıdır:

“Avropa İttifaqının 27 dövlətindən doqquzu ilə strateji tərəfdaşlıq münasibətləri var. Lakin İtaliyanın xüsusi çəkisi onunla bağlıdır ki, Azərbaycanın ən yaxın ticari-iqtisadi tərəfdaşıdır. Avropa ölkələri içərisində Azərbaycan neftinin birinci ən böyük və qazının isə üçüncü ən böyük alıcısı məhz İtaliyadır. Bu səfər bizim münasibətlərimizin təkcə ikitərəfli deyil, həm də çoxtərəfli inkişafı üçün yeni imkanlar pəncərəsi açmış oldu. İtaliya həm də NATO-ya üzv dövlətdir. Deməli, Azərbaycanın həm Avropa İttifaqı, həm də NATO ilə münasibətlərinin inkişafına İtaliyanın dəstəyi, töhfəsini xüsusilə qeyd etmək lazımdır. Bu səfər çərçivəsində bir sıra addımlar atılıb. Belə ki, səfər çərçivəsində İtaliya-Azərbaycan Universitetinin açılması ilə əlaqədar sənədin təqdim edilməsi, İtaliyada Azərbaycan səfirliyinin yeni binasının istifadəyə verilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Bir sözlə, Prezident İlham Əliyevin İtaliya səfəri iki ölkə arasındakı münasibətləri yeni müstəviyə qaldırıb”.

E.Nəsirov xatırladıb ki, bir müddət əvvəl İtaliyada hökumət böhranı yaşanıb və bu böhran nəticəsində hökumət istefaya gedib.

O vurğulayıb ki, sentyabrın 25-də İtaliyada parlament seçkiləri keçiriləcək:

“Adətən belə məqamlarda İtaliyaya rəsmi işgüzar səfərlər olmur, ora dövlət nümayəndələri gəlmir. Bütün bu reallıqlar fonunda Azərbaycan Prezidentinə münasibətdə istisna hal baş verib və cənab İlham Əliyev İtaliyaya səfər üçün dəvət alıb. Bu, Azərbaycan Prezidentinin şəxsiyyətinə, nüfuzuna olan böyük hörmət və etimadın ifadəsidir. Cənab Prezident İlham Əliyev İtaliyada müzəffər Ali Baş Komandan kimi tanınır və bilirlər ki, o, tarix yazmış şəxsiyyətdir. Bütün bunlar İtaliyanın Azərbaycana olan məlum münasibətini şərtləndirən amillər sırasındadır”.

Son xəbərlər

Bütün Xəbər Lenti