İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Malikini qəbul edib.
"Report" xəbər verir ki, Riad Əl-Maliki Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin açılması ilə bağlı təşəkkürünü bildirdi. O, Azərbaycanın xarici işlər nazirinin Fələstinə səfərinin önəmini vurğuladı, bu addımların Azərbaycanla Fələstin arasında ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verəcəyinə əminliyini ifadə etdi.
Fələstinin xarici işlər naziri Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı. O, Azərbaycanın Fələstinə göstərdiyi daimi humanitar yardımın və dəstəyin Fələstin xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.
Riad Əl-Maliki Azərbaycanı öz torpaqlarını işğaldan azad etməsi münasibətilə təbrik etdi.
Azərbaycan Prezidenti Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyeh ilə görüşünü məmnunluqla xatırladı. Dövlətimizin başçısı bu görüş əsnasında Fələstində Azərbaycan tərəfindən məktəbin tikilməsi layihəsi barədə müraciətin olduğunu qeyd edərək, buna müsbət münasibətin bildirildiyini və tezliklə bu layihənin icra olunacağını dedi. Dövlətimizin başçısı Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin açılmasını müsbət addım kimi dəyərləndirdi.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Malikini qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.