Yuxarı

Prezident İlham Əliyev: "Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində çox önəmli addımlar atılıb"

Biz bir çox beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik

Bakı. 14 iyul. REPORT.AZ/ "Mən Prezidentlər Şurasının iclasını bütövlükdə çox yüksək qiymətləndirirəm və əminəm ki, gələcəkdə Ukrayna-Azərbaycan əlaqələri bu gün Bakıda müəyyən edilmiş istiqamətlər üzrə davam etdiriləcək".

"Report"un məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyevukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşündən sonra mətbuata bəyanatında deyib. 

"Hörmətli cənab prezident, sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Bu, sizin Azərbaycana birinci səfərinizdir və mən şadam ki, səfər çox uğurlu keçir. Bu gün apardığımız danışıqlar, imzalanan sənədlər bunu bir daha təsdiqləyir. Biz sizinlə bu ilin əvvəlində Davosda görüşmüşdük. O görüşün çox böyük əhəmiyyəti vardır. Çünki o görüşdən sonra Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində çox önəmli addımlar atılıb. Ondan sonra Ukraynadan Azərbaycana yüksək vəzifəli nümayəndə heyətləri gəlməyə başlayıb. Bu ayın əvvəlində hökumətlərarası komissiyanın iclası keçiriib və bu gün biz sizi Azərbaycanda rəsmi səfərdə qarşılayırıq. Fürsətdən istifadə edərək, bizim dəvətimizi qəbul edib Azərbaycana gəldiyiniz üçün sizə minnətdaram", - deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, bu gün həm təkbətək görüşdə, həm də Prezidentlər Şurasının iclasında Ukrayna-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri geniş müzakirə olunub və gələcək birgə fəaliyyət üçün addımlar müəyyən edilib: "Şuranın gündəliyi çox geniş idi. Bir çox önəmli məsələlər müzakirə edildi - energetika, nəqliyyat, hərbi-texniki əməkdaşlıq, siyasi əlaqələr, beynəlxalq təşkilatlarda fəaliyyətimiz. Demək olar ki, müzakirə edilən bütün məsələlərlə bağlı çox ciddi tapşırıqlar verilib. Əminəm ki, bu tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkələrimiz bir-birinə daha da yaxın olacaq və ticarət dövriyyəsi daha da artacaq. Çünki hazırda ticarət dövriyyəsi nə bizi, nə Ukrayna tərəfini qane edə bilməz". 

Dövlət başçısı bildirib ki, siyasi əlaqələrin inkişafı geniş müzakirə edilib: "Biz bir çox beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik və bundan sonra da bu təşkilatlarda, xüsusilə BMT-də, ATƏT-də, Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda əməkdaşlığımızı dərinləşdirəcəyik". 

Prezident İlham Əliyev vurğulayıb ki, iqtisadi sahədə də çox böyük potensial var: "Burada həm qarşılıqlı ticarətin genişləndirilməsi üçün imkanlar var, - biz danışdıq ki, Azərbaycan idxal edilən malların ölkəmizə gətirilməsi işində Ukrayna şirkətlərinə diqqət yetirəcək, - eyni zamanda, Azərbaycanın artıq çox geniş ixrac imkanları vardır və Ukrayna bazarı – böyük bazar bizim üçün çox maraqlıdır. Konkret tapşırıqlar verilmişdir. Birgə investisiya layihələrinin icrası nəzərdə tutulur və müvafiq göstərişlər verildi ki, hər iki ölkənin investisiya imkanları araşdırılsın. Çünki buna çox böyük maraq var.  

Energetika sahəsində qeyd edildi ki, Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR artıq Ukraynada fəal iştirak edir, böyük həcmdə - 200 milyon dollardan çox sərmayə qoyub, 60 yanacaqdoldurma məntəqəsi var. SOCAR-ın Ukraynada fəaliyyəti çox uğurludur və ölkələrimizi daha da birləşdirir".

"Eyni zamanda, vaxtilə çox ciddi şəkildə müzakirə olunan Odessa-Brodı layihəsinin canlanması işində müvafiq göstərişlər verildi. Azərbaycan dünya bazarlarına, o cümlədən Avropaya böyük həcmdə öz neftini ixrac edir. Eyni zamanda, Xəzərin şərq sahillərində yerləşən ölkələr üçün tranzit rolunu da oynayır. Azərbaycan ərazisindən dünya bazarlarına neft ixrac olunur və hesab edirəm ki, Odessa-Brodı layihəsinin canlanması üçün imkanlar var. 

Bütövlükdə Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi-Baltik dənizi əməkdaşlığı formatı hesab edirəm ki, çox böyük potensialı özündə ehtiva edir. Burada şübhəsiz ki, nəqliyyat dəhlizlərinin fəaliyyəti də çox önəmlidir. Artıq birinci sınaq layihə icra edilib. Ukraynadan gələn bəzi yüklər Azərbaycan ərazisindən Orta Asiya ölkələrinə nəql edilib. Bu gün qərara gəldik ki, bu dəhlizi iqtisadi cəhətdən daha da cəlbedici etmək üçün biz tariflərə baxmalıyıq. Çünki tariflər yükgöndərənlər üçün məqbul olmalıdır ki, daha da böyük həcmdə yüklər hər iki istiqamətə getsin.

Mən prezidenti məlumatlandırdım ki, biz yaxın zamanlarda Bakı-Tbilisi-Qars dəmir yolunun istismarını təmin edəcəyik. Bu yol İpək Yolunun bərpası deməkdir və burada Ukrayna şirkətləri üçün də yeni imkanlar açılır. Eyni zamanda, Azərbaycan tərəfdaş ölkələrlə Şimal-Cənub dəhlizinin yaradılması üçün səylər göstərir. Gələcəkdə Ukrayna tərəfi bu yoldan da istifadə edə bilər. Bir sözlə, nəqliyyat sahəsində çox geniş imkanlar var və əminəm ki, bu gün verilmiş tapşırıqların yaxşı nəticələri olacaq.

Birgə sənaye sahələrinin yaradılması istiqamətində də fikir mübadiləsi aparıldı. Bu, həm ağır sənayeyə aiddir, eyni zamanda, hərbi-texniki sənayenin inkişafı üçün imkanlar var. Bu sahədə əməkdaşlığımızın artıq gözəl təcrübəsi var və bu məsələlər də müzakirə edildi", - deyə dövlət başçısı söyləyib. 

Prezident İlham Əliyev vurğulayıb ki, humanitar sahədə əməkdaşlığın çox böyük əhəmiyyəti var: "Azərbaycanda yaşayan ukraynalılar, Ukraynada yaşayan azərbaycanlılar əlbəttə ki, ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayırlar. Eyni zamanda, mədəniyyətlə, təhsillə, turizm imkanlarının genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı.

Mən bu danışıqlardan çox məmnunam, çox razıyam. Onlar çox konkret xarakter daşıyırdı. Nümayəndə heyətlərinin üzvləri hər bir konkret layihə haqqında arayışlar vermişlər, məruzələr söyləmişlər. Əminəm ki, müzakirə edilmiş hər bir məsələ ilə bağlı yaxın gələcəkdə konkret nəticələr olacaq.

Bir daha qeyd etmək istəyirəm ki, Prezident Poroşenkonun Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrimizin indiki mərhələsində çox önəmli, çox ciddi siyasi addımdır. Əminəm ki, bu səfərin gözəl nəticələri gələcəkdə Ukrayna və Azərbaycan dövlətlərini, xalqlarını bir-birinə daha yaxın edəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi